307 müəllim işə qəbul olub
Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə
qəbulu üzrə keçirilən növbəti müsabiqənin nəticələrini
açıqlayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata
görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə qaydalarına uyğun
olaraq nazirlik tərəfindən tədris ili başlandıqdan sonra ötən
müddət ərzində yeni yaranmış və əvvəlki müsabiqədə tutulmamış
vakant yerlərin təhlili aparılıb, ölkənin ümumtəhsil məktəblərində
1580 vakant yer müəyyənləşdirilib. Həmin vakant yerlər 22-26 noyabr
tarixlərdə elan edilib və Təhsil Nazirliyinin müəllimlərin işə
qəbulu üzrə keçirdiyi müsabiqədə keçid balını toplamış, lakin işə
qəbul olunmamış müəllimlərə seçim imkanı yaradılıb. 1257 nəfər
müəllim elektron seçim etməklə bu mərhələdə iştirak edib.
Reqlamentə uyğun olaraq noyabrın 26-da yerləşdirmə aparılıb və
nəticələri hər bir iştirakçının "Şəxsi səhifə"sinə göndərilib.
Müsabiqənin nəticələrinə əsasən 307 nəfər seçdikləri vakant yerləri
tutub. Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi
yerli təhsil orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görüb,
digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər
dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə
müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin
sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin edilib.