Əlaqə Arxiv
news Image
2013.12.03
13:16
| A A A
Benzinin bahalaşması Milli Məclisdə müzakirə olunub

Milli Məclisin bu gün keçirilən iclasında Tarif Şurasının ötən gün qiymət artımı ilə bağlı verdiyi qərarlar mübahisəyə səbəb olub.

APA-nın məlumatına görə, deputat İqbal Ağazadə bildirib ki, büdcə müzakirə olunanda qiymət artımı haqda sual verilib, amma hökumət nümayəndələri konkret cavab verməyib.

Deputat bunu müəmma adlandırıb: "Hökumətin o vaxt təkzib etməsinə baxmayaraq, artıq qiymətlər qalxıb. Tarif Şurasının bu addımına nə ehtiyac var idi? Bunun əsası olmalıdır. Bu qiymət artımı ərzaq məhsullarının qalxmasına da səbəb olub. Gələn ilin sentyabrından qiymətlər ən azı 90% qalxacaq. Daxili bazarın qorunmasına bunun necə təsiri olacaq? Xaricdən ərzaq gətirilməsə, ərzaq təhlükəsizliyi məsələsini necə qoruyacağıq? Mən hökuməti izahat verməyə tələb edirəm".

Deputat Zahid Oruc isə bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri tənzimləyən siyasət hər bir ölkədə baş verir: "Əslində bunu hökumət nümayəndələri qeyd etmişdi. Bu qiymətin qalxması yanvarın 1-də olsaydı, nələr ola bilərdi? Odur ki, qiymət artımının məhz indi olması normaldır. Həm də qiymətin birinin qalxması digər məhsullara da təsirini göstərəcək. Odur ki, bu məsələyə diqqət edilməlidir".

Deputat Fazil Mustafa isə qiymət artımı barədə öncədən məlumat verilməli olduğunu bildirib: "Mən hökumətin bu siyasətini qəbul etmirəm və iradımı bildirirəm. Vilnüs sammitində prezidentin qərarları çox yaxşıdır. Yaxşı olardı ki, cənab prezidentin bu uğurlu xarici siyasətini hökumət də daxildə həyata keçirəydi".

Deputat Siyavuş Novruzov isə çıxışına Vilnüs sammitindən başlayıb: "Bu uğurdur. Bu balans siyasətinin bariz nümunəsidir. Azərbaycan bütün qurumlarla əməkdaşlığını davam etdirir. Azərbaycan bir daha göstərdi ki, bu ölkəyə heç kim diktə edə bilməz". O, qiymət artımı ilə bağlı F.Mustafanın söylədiklərinə də cavab verib: "Qiymət artımı haqda danışıldı. Sanki Azərbaycan hökuməti Fazil Mustafa qədər bu xalq haqda düşünmür, təhlil aparmır. Əlbəttə, analizlər, təhlillər aparılır. Nazir və müavinləri komitənin iclaslarında da bu haqda danışdı. Rabitə qiymətləri aşağı düşdü. Bundan qabaq prezidentin əmək haqqı və təqaüdlərin artırılması haqda sərəncamı çıxıb. Yəni bunlar tənzimlənir. Bu yaxınlarda kənd təsərrüfatı sahəsi vergidən azad edildi. Neft gəlirlərindən xeyirli istifadə edilir. Hesab edirəm ki, Fazil Mustafa da neftdən gələn gəlirlərdən yaxşı istifadə edir..."

Spiker Oqtay Əsədov isə Fazil Mustafanın velosiped yollarının çəkilməsi ilə bağlı təklifinə münasibət bildirib: "Fazil bəy velosiped yolları ilə bağlı təklifi ironiya ilə desə də, hər yerdə bundan istifadə edilir. Bu pis şey deyil. Parisdə və digər şəhərlərdə bundan gen-bol istifadə olunur".

Çıxışlar davam edir. 

Sizin Reklam Yeriniz