Əlaqə Arxiv
news Image
2013.12.04
15:34
| A A A
BP şirkətinin regional dəniz əməliyyatları üzrə yeni vitse-prezidenti təyin edilib

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezidenti vəzifəsinə Toni Hant təyin olunub.


"BP-Azerbaijan"dan "APA-Economics"ə verilən məlumata görə, T.Hant vəzifəsinin icrasına dekabrın 15-dən başlayacaq. Bu vəzifədə T.Hant bütün regionun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.

 

Bu təyinat AGT regionunda 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş  Mark Tomasın Hyustonda (ABŞ) yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib. M.Tomas da yeni vəzifəsinin icrasına dekabrın 15-də başlayacaq.

 

BP-nin AGT üzrə regional prezidenti Qordon Birrell bildirib ki, T.Hant beynəlxalq neft sənayesində geniş təcrübəyə malikdir: "Əminəm ki, bu təcrübə dəniz əməliyyatlarımızın əvvəlki kimi yüksək səviyyədə təhlükəsiz və etibarlı şəkildə davam etməsini təmin etmək üçün əsas olacaq".

 

Qeyd edək ki, T.Hant Lester Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsinə və Aberdində (Şotlandiya, Böyük Britaniya) yerləşən Robert Qordon Universitetində dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsi alıb. BP şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniya və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb. T.Hant Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.


Sizin Reklam Yeriniz