Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətin tələb
etdiyi kimi, beynəlxalq norma və prinsiplər əsasında münaqişənin
ədalətli nizamlanması üçün səy göstərməyə davam edəcək: "20 ildən
artıqdır ki, məcburi köçkünlər və qaçqınlar öz tarixi torpaqlarına
qayıdacaqları günü gözləyirlər. Məcburi köçkün və qaçqınların öz
evlərinə qayıtması hüququ dəfələrlə ATƏT-in Minsk qrupunun
həmsədrləri tərəfindən, eləcə də beynəlxalq təşkilatların qəbul
etdiyi qətnamə və sənədlərdə qeyd edilib".
E.Abdullayev deyib ki, münaqişənin nizamlanması regionda sülh və
sabitliyin bərpa edilməsinə öz töhfəsini verəcək: "Azərbaycan
həmişə qanunun və beynəlxalq hüququn aliliyini əldə rəhbər
tutub".
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Kiyevdə ATƏT-in Nazirlər Şurasının XX iclası çərçivəsində görüşüblər.