Əlaqə Arxiv
news Image
2013.12.09
20:30
| A A A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda avtomobil alanların və növbədə duranların siyahısını açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda nazirlik xətti ilə avtomobil alanların və növbədə duranların siyahısını açıqlayıb.


Nazirliyin rəsmi internet saytında yerləşdirilən məlumatda 1998-2013-cü illər ərzində nazirlikdən pulsuz avtomobil alan vətəndaşların siyahısı, əlillərin minik avtomobilləri ilə təminatı, pulsuz avtomaşın almaq üçün növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin siyahısı, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan əlillərin növbəlilik siyahısı öz əksini tapıb.

 

1998-2013-cü illər ərzində nazirlikdən pulsuz avtomobil alan vətəndaşların siyahısında onların adı, əlilliyinin səbəbi, ünvanı, növbəyə alındığı tarix və avtomobilin verilmə tarixi göstərilib. Bu siyahıda ümumilikdə 3496 vətəndaş haqqında məlumat var. Pulsuz avtomaşın almaq üçün növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin siyahısında 678 nəfər, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan əlillərin növbəlilik siyahısında isə 860 vətəndaş barədə məlumatlar əks olunub.

 

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı savaşlarda fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlilləri dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar. Həmin kateqoriyadan olan vətəndaşlar minik avtomobili almaq üçün müvafiq sənədləri yaşadığı ərazi üzrə xidmət göstərən Tibbi Sosial-Ekspert Komissiyasına təqdim etməlidirlər. Bunlara pulsuz avtomaşın almağa tibbi göstərişin olması barədə rayon (şəhər) poliklinikasından 88 nömrəli tibbi forma, şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil (3X4 sm ölçüdə), hərbi hospital tərəfindən verilmiş xəstəlik şəhadətnaməsinin surəti və ərizə daxildir.

Sizin Reklam Yeriniz