Əlaqə Arxiv
news Image
2013.12.10
16:18
| A A A
Azərbaycanda "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları" yenilənib

Nazirlər Kabinetindən Mövqe.az-a verilən məlumata görə, rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində rezidenturada ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır.

Rezidentura təhsil proqramları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır.

Rezidenturada təhsil əyani formada həyata keçirilir.

Rezidentlərin dövri attestasiyası yazılı test formasında həyata keçirilir və rezident 2 saat ərzində 50 test sualına cavab verir. Dövri attestasiyadan keçə bilməyən rezidentlər 1 aydan tez olmayaraq, növbəti 2 ay müddətində təkrar attestasiya edilirlər.

Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərinin planlaşdırılması, xəstələrin reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin gedişinin proqnozlaşdırılması kimi aspektlər aiddir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər.

Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir.

Sizin Reklam Yeriniz