“AccessBank” əməkdaşlarının işi məhkəməyə göndərildi
"AccessBank" QSC-nin əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı Baş
prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış
cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat
xidmətindən Mövqe.az-a verilən məlumata görə, istintaq zamanı
cəmiyyətin "20 yanvar" filialının kredit mütəxəssisi Kamal
Fərəcovun tanışları Vüqar Rəhimov, Zamiq Dadaşov və Seyran Umudov
ilə qabaqcadan əlbir olub sonuncuların vasitəçiliyi ilə
2009-2010-cu illər ərzində ödəniş qabiliyyətləri olmayan ayrı-ayrı
şəxsləri müştəri kimi cəlb edərək, maliyyə təhlili aparmadan
onların adlarına kreditin verilməsi üçün zəruri olan sənədləri və
məlumatları saxtalaşdırması müəyyən edilib: "Habelə onların faktiki
baxış keçirilmədən uydurma dövriyyə vəsaitlərini, ev əşyalarını
kredit təminatı kimi girov qismində sənədləşdirmə yolu ilə 59
nəfərin adına ümumilikdə 108 min 640 manat məbləğində pulu kredit
kimi götürüb ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan
vurmasında şübhələr üçün əsaslar olduğundan qeyd edilən şəxslərə
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham
elan edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayət işi
üzrə müəyyən olunmuş ziyanın bir qisminin təqsirləndirilən şəxslər
tərəfindən ödətdirilməsi təmin olunub".