Məlum olduğu kimi, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2006-cı ildən toyuq dönərinin satışının qadağan edilib. Lakin bu qadağaya baxmayaraq, hələ də bir çox dönərxanalarda toyuq dönəri satılır. Üstəlik buna dönərxanaların əksəriyyətində təsadüf olunur. Orqanizmə zərərləri haqda dəfələrlə məlumat verilməsinə baxmayaraq, alıcılar tərəfindən də toyuq dönərinə daha çox üstünlük verildiyindən, dönərxanalar toyuq dönərinin satışını dayandırmırlar. Milli yeməklərimiz qala-qala hazırlanması tez və ucuz başa gələn dönərə üstünlük verən insanlar özlərinə vurduqları zərərdən xəbərdar deyillər.
Quş qripi ilə əlaqədar satışı
qadağan olunan toyuq dönərinin infeksiyalaşmağa daha çox meyilli
olduğunu deyən tibb məsələləri üzrə ekspert, professor Adil
Qeybulla movqe.az-a açıqlamasında istehlaka buraxılan ətin
bəzən baytarlıq xidməti tərəfindən düzgün yoxlanılmadığını da
bildirdi: "Toyuq dönərinin satışı bir neçə il öncə quş qripi
epidemiyasının yayılması ilə bağlı qadağan olunmuşdu. O zaman
praktiki olaraq quş ətinin istehlakı qadağan olunmuşdu. Bu qadağa
da o müddətə təsadüf edir. Digər tərəfdən, dönərxanalarda satılan
ət həm adi sanitariya qaydaları, həm də keyfiyyət cəhətdən
normativlərə cavab verməlidir. Əsas məsələ budur. Toyuq əti
infeksiyalaşmağa daha çox həssasdır. Belə ki, dönərin tam
bişib-bişməməsi məsələsi də sual altında olur. Bişmədikdə, toyuq
ətində mal ətinə nisbətən mikroblar daha çox yığılır. Məsələn,
brüsselyozlu xəstə müəyyən viruslar olan toyuq ətindən istifadə
edirsə, bu yolverilməzdir. Toyuq dönərinin satışı ilə bu kimi
problemlər yaşana bilər. Əslində, istehlaka buraxılan bütün ət
məhsulları ilkin olaraq baytarlıq nəzarətindən keçir. Baytarlar
həmin ətin üzərinə möhür vururlar. Və həmin möhürə görə də
məsuliyyət daşıyırlar. Yəni həmin möhür bildirir ki, bu ət tam
təhlükəsizdir. Təssüflər olsun ki, çox vaxt bu möhürlər formal
xarakter daşıyır. Dönərxanaların marağı isə yalnız dönəri satmadır.
Başqa bir şey haqda heç məlumatları da yoxdur".
Səhiyyə Nazirliyi Respublika Gigiyena
və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri
İmran Abdullayev məsələ ilə bağlı ölkədə mütəmadi olaraq inzibati
tədbirlərin görüldüyünü dedi: "Dövlət Sanitariya Nəzarəti xidməti
yalnız dövlətin verdiyi səlahiyyət çərçivəsində hərəkət edə bilir.
Məsələ ilə bağlı əlbəttə ki, mütəmadi olaraq inzibati tədbirlər
həyata keçirilir. Satış yerlərində sanitariya qaydalarını
pozulanda, icazə sənədləri olmadan toyuq dönəri və ya mal ətindən
hazırlanmış dönər satılanda mütləq onlara qarşı inzibati tədbirlər
görülür və cərimələr tətbiq edilir. Sanitariya qaydalarının
pozulmasında bir çox dönərxanalarda təsadüf olunur. Yoxlamalar
zamanı belə hallar aşkarladıqda, biz həmin müəssisələrə cərimələr
tətbiq edirik".
İmran Abdullayev dövlət tərəfindən müəyyən olunan cərimələrin məbləğinin az olduğunu düşünür: "Amma bu cərimələrin məbləği o qədər də böyük deyil. Cərimələrin məbləği cəmi 100-400 manat arasındadır. Əgər hüquqi şəxsdirsə, 400 manata qədər cərimə oluna bilir. Amma fiziki şəxslərə maksimum 200 manat cərimə tətbiq edə bilirik. O cərimələri də əksərən ödəyirlər. Amma çox hallarda cərimələnən şəxslər onlara tutulan iradları aradan qaldırmağı qarşılarına məqsəd qoymurlar və bunun üçün heç nə etmir, əvvəlki fəaliyyətlərinə davam edirlər. Bu sahədə insanlar tez-tez dəyişir. Hər həftə bir yeni dönərxana fəaliyyətə başlayır. Və yaxud da eyni dönərxanada başqa adamlar fəaliyyətə başlayır. Dönər satışı yerləri fast-food yeməkləri olaraq daha zərərli yeməklər qrupuna aid edilir. Çoxlu sayda dönərxanalar var ki, işləmək üçün şəraiti yararsız olduğuna görə onların fəaliyyəti də tamamən dayandırılıb. Bu sahədə işlər görülür və gələcəkdə də davam etdiriləcək".