Əlaqə Arxiv
news Image
2013.12.14
13:40
| A A A
Azərbaycanda orta məktəb şagirdlərinin və müəllimlərinin sayı açıqlanıb
Hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsində 1 milyon 188 min şagirdin təlim tərbiyəsi ilə 151 min 538 nəfər müəllim heyəti məşğul olur.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib ki, məktəblərdə ümumi şagird müəllim nisbəti 1:8, orta şagird sıxlığı 16 nəfər təşkil edir. M. Cabbarovun sözlərinə görə, son illər ölkədə müsbət demoqrafik dəyişiklərin baş verməsi nəticəsində birinci sinfə gedən şagirdlərin sayı artır: "2013-2014-cü tədris ilində 137 mindən çox şagird məktəbə qədəm qoyub. Bu rəqəm növbəti illərdə daha da artacaq".

 

Nazir vurğulayıb ki, 108 ilk peşə ixtisas təhsili müəssisəsində 29 min 337 nəfər təhsil alır. Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbənin 59 təhsil müəssisəsində oxuduğunu deyən nazir qeyd edib ki, 44 mülkü ali təhsil ocağında bakalavr səviyyəsi üzrə 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır: "Son illər ərzində 2700-dən çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb. Xaricdə təhsil proqramı çərçivəsində bu günə qədər 2612 gənc Dövlət Neft Fondunun hesabına maliyyələşdirilib".

 

Təhsil naziri əlavə edib ki, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş planşetlərlə təmin olunması istiqamətində hazırlıq işləri aparılmalıdır. Onun sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin maliyyələşdirilməsi sisteminin qurulmasıdır: "O cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsilin maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, təhsil müəssisələrində adambaşına maliyyələşdirməyə keçid, təhsilin inkişaf fondunun yaradılması nəzərdə tutulur. Maliyyələşdirmədə əsas yükü dövlətin üzərinə düşməməlidir. Bu yük bütün cəmiyyət, biznes sahələri, valideynlər, bütün fayda götürənlərin üzərinə düşür. Təbii ki, maliyyələşdirmədə əsas rolu dövlət həyata keçirir. Amma beynəlxalq təcrübə göstərir ki, təhsil sahələrinin özünü maliyyələşdirmə sisteminin tətbiqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi təhsilin inkişafına müsbət imkanlar yaradır".

Sizin Reklam Yeriniz