Uşaqlar üçün təhlükəsiz mobil telefonların satışı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) rəsmi müraciət daxil olmayıb. Bu sözləri Movqe.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev söyləyib. İ.Əliyev bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilk növbədə bu müraciəti hökumətə ünvanlamalıdır: "Öncə qurum bu təkliflə hökumətə müraciət etməlidir. Bundan sonra həmin müraciət bizə göndərilir. Amma hələki bizə rəsmi belə bir müraciət daxil olmayıb. Əgər belə bir müraciət olunarsa, mobil operatorlarla proqram təminatı ilə bağlı danışıqlar aparıla bilər".
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) Trend-ə verilən məlumata görə, hazırda uşaqlar telefonları vasitəsilə də internetə daxil ola bilirlər. Komitə isə uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılmasını təklif edib. Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edilmiş təklifdə qeyd edilib ki, ölkəyə gətirilən telefonlar qeydiyyatdan keçirilən zaman ona idxalçı şirkət tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi proqramlar yazılsın. Bu halda artıq həmin telefonlar mağazalara paylandıqda onlarda xüsusi proqramlar olacaq. Uşağı üçün telefon almaq istəyən valideynlər də mağazalardan istifadəsi təhlükəsiz olan həmin telefonları ala bilərlər. Komitə hesab edir ki, bu tədbir uşaqların telefonlarda internetdən təhlükəsiz istifadəsini təmin edəcək. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək üçün təkliflər hazırlayıb. Artıq həmin təkliflər RİTN-ə təqdim edilib. Xatırladaq ki, bu təcrübə bir çox ölkələrdə uğurla tətbiq edilir. Komitə bu təklifi hazırlayan zaman beynəlxalq ölkələrin təcrübələrini nəzərə alıb. Hazırda ölkədə təklifin reallaşdırılma imkanları araşdırılır.