Əlaqə Arxiv
news Image
2013.12.18
21:34
| A A A
Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatına Azərbaycanın təcrübəsini öyrənməyi təklif edib

 "Azərbaycanın Tunisdə konsulluğu var. Ancaq Tunisdə böhran baş versə, birdən birə 20-30 min Azərbaycan vətəndaşı geri dönmək istəsə, Tunisdəki konsulluq o insanlara necə kömək edə biləcək? Liviyada belə bir problem olmuşdu. Azərbaycanlı vardı, Liviyada işə götürülmüşdü, sənədi yox idi. Bu insanın qayıtması problemli məsələyə çevrilmişdi".

Bunu Beynəlxalq Miqrasiya Təşkilatı, Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Miqrasiya Gününə həsr edilmiş tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədəki baş qərargahının Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin idarə rəisi Peter van der Auveraert söyləyib.

 

Peter van der Auveraert birdən-birə on minlərlə insan sərhəddən keçmək istədiyi zaman onsanların sərhəddən keçidi ilə bağlı məsələnin həlli mexanizmini müəyyənləşdirməyi zəruri sayıb: "Böhran vəziyyətində belə hallar ortaya çıxanda bu məsələlərin tez bir zamanda həllinə çalışmalıyıq. 2012-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatı böhran vəziyyətində cavab tədbirləri ilə bağlı müzakirələr təşkil edib və Beynəlxalq Miqrasiya Xidməti 2012-ci ildə Miqrasiya ilə bağlı böhran Konsepsiyası qəbul edib. Böhrandan əvvəlki miqrasiya vəziyyətini öyrənmək lazımdır ki, böhrandan sonra insanların yerdəyişmələrinin hansı istiqamətdə olduğunu anlamaq mümkün olsun. Biz böhrandan əvvəl, böhran zamanı və böhrandan sonra fəaliyyətimizi əlaqəli şəkildə necə həyata keçirməyi müzakirə edərək müəyyənləşdirməliyik. Yeri gəlmişkən, Haitidə zəlzələ zaman insanlara ilkin yardımlar göndərildi. Sonra Haitidən uşaqlar ABŞ və başqa ölkələrə göndərildi. Bu, uşaqların yemək və yaşayış yerləri ilə təmin edilməsi üçün yaxşı addım idi. Ancaq sonradan bu uşaqların bir qisminin cinsi zorakılığa məruz qalması, insan alverinin qurbanına çevrildiyi barədə məlumatlar aldıq. Ona görə də öncədən belə risklər nəzərə alınmalıdır. Miqrasiya ilə bağlı böhran vəziyyətlərində fəaliyyət çərçivəsi, məqsəd və vəzifələrin öncədən müəyyənləşdirilməsi bizə dəstək olacaq".

 

Ombudsman Elmira Süleymanova isə Beynəlxalq Miqrasiya Təşkilatına Azərbaycanın təcrübəsini öyrənməyi təklif edib: "Daşqınlardan əvvəl Kür çayı boyunca vəziyyətin monitorinqinin nəticəsində minlərlə insan o ərazilərdən çıxarılıb, sığınacaqlarda yerləşdirilib. Bu insanlar vəziyyət sabitləşəndən sonra ora qaytarılıb. Yaxud Zaqatalada zəlzələ zamanı minlərlə insanın sığınacaqlarda yerləşdirilməsi təmin edilmişdi".


Sizin Reklam Yeriniz