Əlaqə Arxiv
news Image
2013.12.20
14:39
| A A A
Sabah axşam saat 22:11 radələrində qış girəcək

Sabah-dekabrın 21-i axşam saat 22:11 radələrində qış fəsli başlayır.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fəlsəfə elmlər doktoru Ədalət Ətai jurnalistlərə açıqlamasında deyib ki, bu il 21 dekabr tarixində Yer Qış günəş duruşu nöqtəsindən keçəcək. Bu anın dekabrın 21-i saat 22:11-dən başlanacağını deyən Ə.Ətai qeyd edib ki, Qış günəş duruşundan keçəndən sona Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış gəlir: "Bu hərəkət epliktika boyunca davam edir. Bu da o deməkdir ki, Yer epliktika boyunca hərəkəti zamanı 4 əsas nöqtədən keçir və proses Qış günəş duruşundan yaz bərabərliyi nöqtəsinə kimi davam edir. Həmin nöqtədə gecə-gündüz bərabərləşir. Qış günəş duruşundan keçəndən bir neçə gün sonra gündüzlərin uzunluğu artacaq, gecələrin uzunluğu isə azalacaq. Qış Günəş duruşunun xarakterik xassəsi ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur. Günəş cənubi-şərqin ən yaxın nöqtəsində çıxıb, cənubi-qərbin ən yaxın nöqtəsində batır. Bundan sonra Günəş hər səhər çıxdıqdan sonra şərqdən şimala tərəf, cənubdan qərbə tərəf sürüşməyə davam edir. Beləliklə gündüzün uzunluğu artır, gecənin uzunluğu isə azalmağa doğru gedir. Nəhayət, üçüncü nöqtə Yay Günəş duruşudur ki, bu da iyunun 21-22-si tarixlərinə düşür. Bu zaman ən uzun gündüz, ən qısa gecə olur. Bununla da şimal yarımkürəsində yay fəsli gəlir. Bundan sonra gündüzlərin uzunluğu azalmağa başlayır və payız bərabərliyi nöqtəsinə qədər həmin nöqtədə gecə-gündüz bərabərləşir. Payız bərabərliyi nöqtəsindən keçəndə şimal yarımkürəsində payız girir. Həmin proses qış günəş duruşuna kimi davam edir. Beləliklə bir tam tsikl tamamlanır".

Ə.Ətai qeyd edib ki, qış günəş duruşu 20-23 dekabr tarixlərinə təsadüf edir. Amma əksər hallarda bu hadisənin 21 və 22 dekabr tarixlərində baş verdiyini deyən mütəxəssis bildirib ki, qış Günəş duruşunun 20 və 23 dekabr tarixlərinə düşməsi çox nadir haldır: "Qış Günəş duruşunun 20 dekabra təsadüf etməsi 2330-cu ildə baş verəcək. Qış Günəş duruşu 23 dekabr tarixində də çox az baş verir. Məsələn, axırıncı dəfə bu hadisənin 23 dekabr tarixinə düşməsi 1903-cü ildə baş verib və birdə Yerin qış Günəş duruşu nöqtəsindən keçməsi 2080-ci ildə həmin tarixdə olacaq. Bütün bu sürüşmələrin səbəbi planetlərin hərəkəti zamanı qarşılıqlı təsirdir".

Alim vurğulayıb ki, kainatda və planetlər sistemi üçün sabit kəmiyyət yoxdur. Bu zaman keçdikcə çox cüzi olaraq müəyyən dəyişiklilərin olduğunu deyə Ə.Ətai qeyd edib ki, tropik ilin uzunluğu, yəni bir ilin uzunluğu 4 min ildə 12 saniyə uzanıb. Onun sözlərinə görə, bu çox kiçik rəqəm olduğundan insanlar bunu hiss etmir.

Sizin Reklam Yeriniz