Əlaqə Arxiv
news Image
2013.12.20
16:34
| A A A
Azərbaycanda uşaqlar arasında pornoqrafiya təhlükəsi

İngiltərədə aparılan tədqiqatlar zamanı maraqlı fakt üzə çıxıb. Bəlli olub ki, narkotik dövriyyəsindən sonra uşaq pornoqrafiyası ikinci ən çox gəlir gətirən  sahədir. Azərbaycanda da son illər uşaq pornoqrafiyası izləyənlərin sayının artması narahatçılıq doğuracaq həddə çatıb. Ölkəmizdə internetə çıxış imkanlarının günü-gündən genişlənməsi uşaqlar arasında porno saytlara marağı daha da  artırıb. Uşaqlar üçün təhlükəsiz internet təminatı orta məktəblərdə təmin edilsə də, hələ ki Azərbaycanda süzgəcdən keçmiş internet satışını reallaşdırmaq mümkün olmayıb. Movqe.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  deyib ki, Azərbaycanda uşaqları evlərdə və internet klublarda təhlükəsiz internetlə təmin etmək üçün dövlət tərəfindən dəstək göstərilməlidir: " Hazırda Azərbaycanın təhsil müəssisələrinə süzgəcdən keçmiş internet verilir. Amma evlərdə, internet klublarda uşaqları təhlükəli informasiyalardan  sığortalamaq mümkün deyil.  Bu işi iki istiqamətdə həyata keçirtmək olar. Kompyuterlər üçün elə proqram təminatları hazırlamaq olar ki, həmin proqramları evlərdə, internet klublarda kompyuterə yükləmələ uşaqların təhlükəli informasiya almalarını məhdudlaşdırmaq olar. İkinci istiqamət isə odur ki, ölkədə "halal internet" xidməti təklif edilə bilər. Bu provayderi seçən valideyn yaxud internet klub uşaqları zərərli informasiya almaqdan sığortalaya bilər". 

O. Gündüz deyir ki, hələki provayderlər buna maraq göstərmirlər. Provayderlər istəyirlər ki, onlara sərf edən və müştəri cəlb edən paket seçsinlər. Bu zaman ola bilər ki, "halal internet"ə tələbat az olsun. Təbii ki, heç bir provayder istəməz ki,  ziyana işləsin. Bu zaman dövlətin dəstəyi ilə "halal internet" xidməti təklif edilə bilər".

 O. Gündüz bu gün mobil operatorların da, bu xidməti göstərmək imkanının olduğunu bildirdi. Onun sözlərinə görə, nə qədər ki, mobil operatorlar süzgəcdən keçmiş internet paket təqdim etmirlər, ona qədər valideyn evindəki kompyuterdə zərərli informasiyaların açılmasını əngəlləyə bilər: "Uşağın mobil telefonla bu imkanı əldə etməməsini isə ona internetə çıxış imkanları olmayan mobil telefon almaqla valideyn həll edə bilər".

Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyir ki, bir qədər əvvəl provayderlərdən bəziləri süzgəcdən keçmiş internet xidməti təklifi ilə çıxış etsələr də, hələki onlardan səs-soraq yoxdur. İ. Əliyev bu gün valideynlərin uşaqlarının internet təhlükəsizliyini təmin etmək üçün ancaq bir imkanının olduğunu bildirir: "İstənilən valideyn evindəki kompyuterə proqramlar yükləməklə zərərli informasiyaların açılmasının qarşısını ala bilər. İnternet klublarda isə bunu tənzimləmək mümkün deyil. Çünki, provayderlər süzgəcdən keçirilmiş internet təklif etmirlər. Bu xidməti göstərmək üçün mütləq şəbəkələrini gücləndiməlidirlər. Həmçinin də bunun üçün tələb-təklif üst-üstə düşməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında uşaqlar üçün "Təhlükəsiz internet" üzrə tədbirlərin  görülməsi öz əksini tapıb. 


Sizin Reklam Yeriniz