Ötən həftə Parisdə Fransa Milli Assambleyasının yerləşdiyi Burbon sarayında Avropa Azərbaycan Cəmiyyəti və Fransanın Müsəlman Dünyasının Araşdırılması və Kəşfi İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda dünyəvilik və tolerantlığa dair konfrans keçirilib.
Toplantıya sədrlik edən Fransa Milli Assambleyasının üzvü, Fransa-Azərbaycan Dostluq Qrupunun rəhbəri, Fransadan kənarda yaşayan fransızların millət vəkili Tierri Mariani APA-ya bildirib ki, bu tədbirin keçirilməsi Avropa-Azərbaycan Cəmiyyətinin təşəbbüsü olub.
Bu təşəbbüsü dəstəklədiyini deyən T.Mariani hesab edir ki, bu olduqca əhəmiyyətli məsələdir: "Çünki Fransada az tanınan Azərbaycan elə bir unikal ölkədir ki, əhalisinin əksər hissəsi müsəlman olmasına baxmayaraq, burada bütün dinlərin təmsilçiləri bir yerdə sülh və əmin-amanlıq içində yaşayırlar. Burada xristianlar və yəhudilər müsəlmanlarla bir ölkənin vətəndaşları kimi rahat birgə yaşayırlar, tam dini azadlıq və cəmiyyətdə yüksək tolerantlıq mövcuddur. Bundan başqa, bu tədbirin məhz burada, Milli Assambleya binasında keçirilməsi də əhəmiyyətlidir. Bildiyiniz kimi, altı ay öncə burada xoşagəlməz bir hadisə olmuşdu və bu, azərbaycanlıları, şəxsəm mənim özümü şoka salmışdı. Bununla bağlı qeyd etmək istərdim ki, bir-iki sarsaq üzündən Fransa Milli Assambleyası haqda mənfi fikir formalaşmamalıdır. Bu baxımdan bu tədbirin burada keçirilməsi olduqca əhəmiyyətlidir və Azərbaycanın da Fransada daha yaxşı tanınması üçün müsbət bir hadisə oldu".
T.Mariani Fransa-Azərbaycan münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayıb: "İstərdim ki, Fransa iş adamları Azərbaycanda daha çox təmsil olunsunlar. Bu gün fransızlar Azərbaycanda daha çox enerji sahəsinə sərmayələr qoyurlar. Hesab edirəm ki, Fransa bu gün Azərbaycanla daha çox maraqlanmalıdır. Məsələn, Bakı bu gün elə bir şəhərə çevrilib ki, bu şəhər hər gün, get-gedə müasirləşir, inkişaf edir və fikrimcə, bu, hər iki ölkənin şirkətlərinin birgə əməkdaşlığı üçün yeni fürsətlər açır".
Dağlıq Qarabağ münaqişəsinə toxunan millət vəkili vurğulayıb ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü qəbul edir: "Ərazi bütövlüyü dedikdə, burada söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qaytarılmasından deyil, eyni zamanda Dağlıq Qarabağın özünün də qaytarılmasından gedir və 20 il davam edən belə vəziyyət qəbuledilməzdir. Hesab edirəm ki, Milli Assambleyada keçirilmiş bu tədbirin özü də Azərbaycanın bu həqiqətlərinin Fransa cəmiyyətinə çatdırılmasında olduqca əhəmiyyətlidir. Çünki biz ümumilikdə Azərbaycan haqda söhbət etdikdə, ilk növbədə onun əsas problemi olan işğal edilmiş əraziləri haqda da fikirlərimizi bildiririk. Azərbaycan eyni zamanda bu gün bütün sahələrdə inkişaf edən, stabil bir ölkəyə çevrilib. Misal üçün, ölkədə keçirilmiş son seçkilərlə bağlı mən Avropa Şurası, Avropa Parlamenti kimi bir sıra nüfuzlu təşkilatların hesabatları ilə tanış oldum və hesab edirəm ki, orada qeyd edilmiş nəticələr ölkənizin Avropada tanıdılması üçün müsbət aspektlərdən biridir".