"Arvadımla cinsi əlaqədə olmaq istədim, lakin o, etiraz etdi. Məni söyüb təhqir elədi. Mən də əsəbiləşdim"... Bu sözləri Faiq Əsədov ilkin dindirmə zamanı söyləyib. O, arvadının ona xəyanət etməsindən şübhələndiyini də bildirib. Beləliklə, Ailəm.az ailə faciəsinə çevrilmiş növbəti bir cinayət işinin təfərrüatlarını təqdim edir.
"Arvadımın xəyanət etməsindən şübhələnmişdim"
Məhkəmə zamanı ifadə verən Faiq Əsədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, 1996-cı ildə həyat yoldaşı Həbibə Həsənova ilə ailə həyatı qurub. 1997-ci ildə oğulları Həmid, 1999-cu ildə isə qızları Ayan anadan olub: "Evləndikdən sonra kəndimizdə torpaq sahəsi alıb bir otaqlı ev tikdik və orada yaşamağa başladıq. Əvvəllər həyat yoldaşımla münasibətimiz yaxşı olsa da, qızım dünyaya gəldikdən sonra münasibətimiz soyumağa başladı. Həmin vaxtdan arvadımla cinsi əlaqədə olmurduq. Çünki arvadım mənimlə yaxınlıq etmək istəmirdi. Mən də onun xəyanət etməsindən şübhələnmişdim. Hadisə baş verən gün qızımız məktəbə getdi. Arvadım isə pul müqabilində sahədə çiyələk yığmağa yollandı. Mən də Xaçmaz şəhərinə gəlmək üçün evdən çıxdım. Lakin yağış yağdığı üçün anamın evinə gedib bir qədər gözlədim. Sonra yenidən evə qayıtdım. Həmin vaxt oğlum da evdə yox idi. Mən onun qapı-pəncərə sexinə işə getdiyini düşündüm. Arvadım isə qonşularımız Dilbər və Sevil ilə birlikdə həyətimizdə təzə tikilən yarımçıq evdə oturub çay içirdilər. Buna görə də mən onların yanına getmədim. Bir müddətdən sonra qonşular getdilər. Mən arvadımla təklikdə qaldım. Ona evdə heç kimin olmadığını bildirərək cinsi əlaqədə olmağı təklif etdim. Lakin arvadım razılaşmayıb məni söyməyə başladı. Mən ona uzun müddətdir cinsi əlaqədə olmadığımızı xatırladıb etiraz etməməyi xahiş etsəm də, o, məndən iyrəndiyini, cinsi əlaqədə olmaq istəmədiyini dedi. Mən də əsəbiləşdim. Evdəki mətbəx bıçağını əlimə götürüb, cibimə qoydum.
"Bıçaqla boğazını bir az da kəsdim ki, tez ölsün, ürəyim rahatlasın"
Evin qarşısında mətbəxdə ayaq üstə qab yuyan arvadıma yenidən yaxınlaşdım, ona inadından əl çəkməyini dedim. Bildirdim ki, uşaqlar da evdə yoxdular. Cinsi əlaqədə olmaq üçün yaxşı fürsətdir. Fikirləşdim ki, əgər razılaşsa, heç nə etmərəm, yox, əgər razılaşmasa onu bıçaqla vuracağam. Çünki artıq onun hərəkətlərinə dözə bilmirdim. Onun məni kiminləsə aldatdığından şübhələnirdim. Lakin Həbibə yenə də mənim ünvanıma kobud sözlər işlətdi. O, məndə bıçağın olduğunu bilmirdi. Mən də gödəkcəmin cibindən bıçağı çıxarıb onun ürək nahiyəsindən bir dəfə vurdum. Həbibə arxadakı sobaya tərəf yıxıldı. Mən əyilib ona yenə zərbə endirmək istəyəndə qayıtdı ki, səni polislər tutar. Bıçaq olan əlimi tutub onu vurmağıma mane olmaq istəyirdi. Bu zaman onun əlini möhkəm dişlədim. O, mənim əlimi buraxdıqdan sonra boyun nahiyəsinə zərbələr endirməyə başladım. Bu zaman Həbibə süsləşdi və xırıldamağa başladı. Mən də bıçaqla arvadımın boğazını bir az da kəsdim ki, tez ölsün, ürəyim rahatlasın. Bundan sonra həyətdə əlimi yudum. Həbibə mənə müqavimət göstərəndə bıçaqla öz əlimi də kəsmişdim. Ona görə əvvəlcə qardaşım Rövşənin evinə getdim ki, əllimi sarısınlar. Həmin vaxt qardaşımın arvadı Bahar evdə idi. Ona yalandan həyətdə işləyərkən əlimi kəsdiyimi dedim. Lakin onlardan çıxandan Bahara arvadımı bıçaqladığımı və hazırda polisə təslim olmağa getdiyimi dedim. Yolda qardaşım Rövşənlə də qarşılaşdım. Ona da arvadımı öldürdüyümü söylədim. Lakin o, inanmadı. Mən də kənd üzrə sahə inspektorunu görmək üçün polis bölməsinə getdim. Lakin polis əməkdaşı inspektorun idarədə olmadığını dedi. Mən də onun gəlməsini gözlədim. Çünki hadisə barədə əvvəlcə ona məlumat vermək istəyirdim. Bu zaman polis maşını idarənin həyətinə daxil oldu. Onun içərisindən düşən polis zabiti Köhnə Xaçmaz kəndində bir nəfər qadının qətlə yetirilməsi barədə məlumat daxil olduğunu, oraya gedib hadisənin kimin tərəfindən törədilməsinin müəyyən olunmasının vacib olduğunu dedi. Bu zaman mən ona yaxınlaşıb həmin qadının əri olduğumu və onu öldürdüyümü etiraf etdim".
"... Faiq Həbibəni bıçaqlayıb və başını kəsib öldürüb"
Prosesdə ifadə verən Həbibənin anası Raziyyə Həsənova kürəkənin sərxoşluq etdiyini, qızını onlara gəlməyə qoymadığını deyib: "Hadisə baş verən gün nəvəm Həmid zəng edib anasına nə isə olduğunu dedi. Mən də bundan narahat olub oğlum Elşənlə onlara getdim. Evlərinin qarşısında çoxlu polis əməkdaşlarının olduğunu gördüm. Orada öyrəndik ki, Faiq Həbibəni bıçaqlayıb və başını kəsib öldürüb".
"Faiq uşaqlıqdan əsəbdən müalicə olunurdu"
Məhkəmədə ifadə verən Faiqin qardaşı Rövşən qardaşının əsəbi insan olduğunu deyib: "Faiq uşaqlıqdan əsəbdən müalicə olunurdu. Lakin xəstəliyi tam keçməmişdi. Bunun üçün hərbi xidmətə də getmədi. Ona ikinci qrup əlillik dərəcəsi təyin edilib. Hər ay əlillik təqaüdü alır. Gəlinimiz Həbibənin yüngül həyat tərzi keçirməsi barədə heç vaxt eşitməmişik. Təxminən 1-2 il əvvəl qardaşımla söhbət edərkən arvadı ilə cinsi əlaqədə olmadığını, ər-arvad kimi yaşamadıqlarını deyib şikayətlənirdi. Mən də ona ağıllı olmasını, arvadı ilə yola getməsini, uşaqlarını fikirləşməsini məsləhət gördüm. Hadisə baş verən gün mən avtomobilimi təmir etdirirdim. Bu zaman qardaşımla rastlaşdım. Faiq mənə arvadını öldürdüyünü dedi. Mən də ona "ağıllı ol" dedim və inanmadım. Maşını təmir etdirdikdən sonra qardaşımgilə getdim. Bu zaman həyətdə polis əməkdaşlarını gördüm və orada öyrəndim ki, qardaşım həqiqətən də Həbibəni öldürüb".
"Atam anamı tez-tez döyürdü"
Məhkəmədə ifadə verən Həmid isə atasının sərxoşluq etdiyini, tez-tez anasını döydüyünü, uşaq olarkən atasının əsəbiləşən zaman əlinə ülgüc və balta götürdüyünü görüb qorxduğu üçün gecələri qonşularıgildə qaldığını söyləyib: "Atam anama pozğun deyirdi. Anam da ona cavab qaytararaq pozğunun onun nəslinin, ailəsinin olduğunu deyirdi. Onun belə davranmasının səbəbini bilmirdim. Çünki anamın atama xəyanət etməsini nə görmüşdüm, nə də eşitmişdim. Anam zəhmətkeş qadın idi. Çiyələk sahəsində işləyib bizi dolandırırdı. Mən dərsdən sonra işləyib ailəyə kömək edirdim. Hadisə baş verən gün evə gələndə həyətdə çoxlu adamlar gördüm. Qonşular mənə atamın anamı döydüyü üçün xəstəxanaya apardıqlarını dedi. Sonra da əmim məni nənəmin Qubadakı evinə gətirdi".
Bahar Musayeva isə ifadəsində göstərib ki, qaynı ona arvadını öldürdüyünü deyəndə inanmayıb: "O, tez -tez yalan danışırdı. Lakin gördüm ki, bu dəfə ciddi danışır. Pis oldum. O, gedəndən sonra dediklərini qonşuya danışdım və birlikdə onların evinə getdik. Orada Həbibənin hərəkətsiz vəziyyətdə uzandığını, divarların qan olduğunu görüb qışqırdım və qonşulardan ərim Rövşənə zəng etməyi xahiş etdim. Bir müddət sonra polislər və təcili tibbi yardım gəldi".
Məhkəmənin hökmü
Cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakimlər tərəfləri dinlədikdən, cinayət işinin baş vermə səbəblərini araşdırdıqdan sonra F. Əsədovun barəsində hökm elan olunub. Hökmə əsasən, F. Əsədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ailəm.az