Əlaqə Arxiv
news Image
2013.12.21
15:38
| A A A
Səhiyyə Nazirliyi: Qeysəriyyə əməliyyatı ilə doğuşlar dünyada 14-15 faiz təşkil edir, Azərbaycanda isə bu göstərici 18 faizdir
Səhiyyə Nazirliyində qeysəriyyə əməliyyatına dair edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mətbuat konfransında Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, nazirliyin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva, Bakı şəhər 4 saylı Doğum Evinin baş həkimi Sevinc Məmmədova, Bakı şəhər 9 saylı Qadın Məsləhətxanasının baş həkimi Tərifə İsgəndərova iştirak edib.

 

A. Qədirli 2005 və 2012-ci illərdə ana ölümümilə bağlı statistikanı diqqətə çatdıraraq bildirib ki, 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuşdan 26 belə hadisə olub. 2013-cü ildə isə 175 minə yaxın doğuş, 24 ana ölümü faktı qeydə alınıb. 2012-ci ildə 224 354 hamilə qadın, bu il isə 228 372 qeydiyyata götürülüb.

 

2014-cü ildən etibarən böyük klinikaların hər birinin internet saytlarının yaradılacağını söyləyən nazirlik rəsmisi bildirib ki, bu, vətəndaşlarla klinikalar arasında daha sıx əlaqənin yaranması işini asanlaşdıracaq: "Onlar rahat şəkildə həmin saytlara girərək oradan informasiya toplaya biləcəklər. Klinikaların imkanları, hansı şəraitə malik olması ilə bağlı məlumatlı olacaqlar".

 

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva qeysəriyyə kəsiyinin ana və uşağa təsiri barədə məlumat verib. O bildirib ki, əgər ana və döldə müəyyən problemlər varsa, əsaslandırılmış şəkildə qeysəriyyə əməliyyatı etmək olar, buna ehtiyac yoxdursa, uşaq təbii yolla doğulmalıdır: "Biz qeysəriyyə əməliyatına qarşı deyilik, amma qeysəriyyə kəsiyi ilə doğuşdan sonra uşağın və ananın sosial uyğunlaşması daha zəif olur".
 
Komissiya sədri onu da əlavə edib ki, artıq ölkədə hamilə qadınların reyestri təşkil olunur: "Artıq bunun üzərində işlənilir. Əgər qadın başqa bir yerə köçərsə, o, qeydiyyatda olacaq. Harada olmasından asılı olmayaraq, nəzarətdə olacaq və bu o deməkdir ki, biz hamilə dövrünü itirməyəcəyik".

 

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva isə Ümumdünya Səhiyyə Təşkilatının qeysəriyyə əməliyyatı ilə bağlı məlumatını diqqətə çatdırıb: "Hazırda qeysəriyyə əməliyyatı ilə doğuşlar dünyada 14-15 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 18 faizdir". 

Sizin Reklam Yeriniz