Akif Əlizadə: "Əmək qanunvericiliyinə edilən bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir"
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcəkdir. AMEA-dan ans press-ə verilən məlumata görə, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin iclasında qəbul edilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, məcəllədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70 yaşdır: "Buna baxmayaraq, məcəllənin digər bəndlərinə edilmiş əlavələr dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, səhiyyə və təhsil müəssisələrində çalışmanın yaş həddinin 70-dən yuxarı uzadılmasına imkan verir".
O, bildirib ki, əmək qanunvericiliyinə edilən bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir: "Bu qanun norması AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış çoxsaylı elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır".
Qərara görə, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, altmış yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaqdır. Həmçinin, Akademiyada çalışan işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyası keçiriləcəkdir.