Əlaqə Arxiv
news Image
2013.12.26
18:35
| A A A
“Şəxsiyyətlər” jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilib

Bu gün Bakıda Ukraynada nəşr olunan "Şəxsiyyətlər" ("Liçnosti") jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.


APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, Yazıçılar Birliyinin sədri, xalq şairi Anar, "Şəxsiyyətlər" jurnalının baş redaktoru Yuri Beletski, Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko, millət vəkilləri, KİV rəhbərləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkə xaricində də diqqətlə izlənilir. Onun sözlərinə görə, Azərbaycan tarixində heç vaxt dinlər və millətlər arasında münaqişələr olmayıb.

 

R.Mehdiyev prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində böyük uğurlara imza atdığını vurğulayıb: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan inkişaf modeli bu gün dünyada diqqətlə öyrənilir. Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib. Bu gün Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də kosmik ölkədir".

 

Administrasiya rəhbəri Azərbaycanda bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirildiyini qeyd edib. O, prezident İlham Əliyevin şəxsində Azərbaycanın güclü milli lideri olduğunu vurğulayıb.

 

"Şəxsiyyətlər" jurnalının baş redaktoru Yuri Beletski prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərinə toxunub və jurnalın xüsusi sayında Azərbaycanın əldə etdiyi uğurların əksini tapdığını bildirib.

 

AMEA prezidenti Akif Əlizadə deyib ki, XX əsr şəxsiyyətlər əsri olub. Türkiyə Mustafa Kamal Atattürk, ABŞ Franklin Ruzvelt, Fransa Şarl de Qol, Azərbaycan Heydər Əliyevlə tarix yaradıb. O, Heydər Əliyevin Azərbaycan dövlətinin böyük strateqi və memarı olduğunu qeyd edib: "Prezident İlham Əliyevlə Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Bəzi politoloqlar hesab edirdilər ki, XX əsrin başa çatması ilə şəxsiyyətlərin rolu başa çatıb, artıq qloballaşan dünyada menecerlərin dövrü başlayır. Lakin Azərbaycanda İlham Əliyev, Almaniyada Angela Merkel və digər siyasi liderlər bunun belə olmadığını ortaya qoydular. Yeni əsrdə yeni çağırışlar var və bunun üçün də İlham Əliyev kimi liderlərə ehtiyac duyulur. İlham Əliyev ölkənin modernləşdirilməsi kursunu seçib və bu kursun əsasında Azərbaycan xalqının maraqları, mənafeləri durur. Stabil və davamlı inkişaf edən iqtisadiyyatın əsası qoyulub. Uğurlu daxili və xarici siyasət həyata keçirilir. Yalnız bu baza ölkədə vətəndaş cəmiyyətinin, elm və mədəniyyətin inkişafını təmin edə bilər. Bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilir. Artıq bütün dünya Bakının multikulturalizm, tolerantlıq və mədəniyyət mərkəzinə çevrildiyini, prezident İlham Əliyevin böyük şəxsiyyət olduğunu bilir".

 

Daha sonra Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko çıxış edib.

Sizin Reklam Yeriniz