Əlaqə Arxiv
news Image
2013.12.27
16:49
| A A A
Ənənəvi meyvə-tərəvəz sortları sıradan çıxır
Nizami Qarayev: «Yeni sortların yaradılması ənənəvi sortların, bizim klassik adlandırdığımız sortların sıradan çıxmasilə nəticələnirsə, bu çox təhlükəlidir» Vahid Məhərrəmov: «Azərbaycana mütəmadi olaraq xaricdən meyvə-tərəvəz növləri, yeni heyvan cinsləri gətirilir»

Son dövrlərdə yerli meyvə-tərəvəz sortlarının tədricən məhv oması  mütəxəssislərin də həyəcan təbili çalması ilə müşayiət olunmaqdadır.  Araşıdırmalardan məlum olur ki, ölkəmizdə də bitki genetik ehtiyatlarının məhv olmasına, genetik eroziyasına yönəlmiş amillər nəticəsində onlarca qiymətli yerli, seleksiya və introduksiya olunmuş meyvə sortları itirilib, bir qismi isə itmək təhlükəsi ilə üz-üzə qalıb. Əvəzində isə xaricdən gələn meyvə və tərəvəz sortlarının əkini daha çox genişlənir.  Bütün bunlar nəticə etibarı ilə Azərbaycan üçün  ənənəvi sortların yavaş-yavaş sıradan çıxmasına səbəb olur. 

Kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev saytımıza verdiyi açıqlamada  yeni sortların əkin sahələrinin genişləndirilməsinin əvvəlki əkin sahələri hesabına baş verdiyindən, bunun ənənəvi sortların sıradan çıxmasına gətirib çıxara biləcəyini dedi: "Yeni sortların yaradılması dünyada gedən bir prosesdir və təqdirəlayiq bir haldır. Ümumiyyətlə, zaman-zaman yeni sortların yaradılması prosesi baş verir. Amma yeni sortların yaradılması ənənəvi sortların, bizim klassik adlandırdığımız sortların sıradan çıxmasilə nəticələnirsə, bu çox təhlükəlidir. Azərbaycanda klassik sortların sıradan çıxmasının qarşısını almaq üçün xüsusi genefond yaradılıb ki, həmin genefondda ölkə ərazisində becərilən əsas bitkilərin genetik ehtiyyatları mühafizə olunur, saxlanılır. Sadəcə olaraq, yeni, daha məhsuldar sortlar yaradılırsa, onların əkin sahələri genişlənirsə, ənənəvi sortların əkin sahələrinin azalması prosesi baş verir ki, bu da müəyyən mənada ənənəvi sortların sıradan çıxmasına gətirib çıxara bilər. Çünki, yeni sortların əkin sahələrinin genişləndirilməsi əvvəlki əkin sahələrinin azalması hesabına baş verir. Yaxşı olar ki, ənənəvi sortların qorunması üçün genetik ehtiyatların qorunması işi bir qədər də genişləndirilsin. Yeni yaradılan sortlarla bərabər, həm də, genetik sortlar o fondda qorunsun". 


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə məsələyə fərqli münasibət bildirdi. Ekspert məhsuladarlığın daha artmasına səbəb olan yeni sortların yetişdirilməsi işinin Azərbaycanda intensiv olaraq aparılmadığını söylədi: "Ümumiyyətlə, sort üzərində həmişə işlənilir. Elə klassik sortlar yoxdur ki, onlardan uzun müddət istifadə olunsun. Daim sort üzərində işlənilir, seleksiya işləri aparılır. Sortun daha məhsuldar olmasına, ətraf mühitə dözümlü olmasına çalışılır. Bu cəhətlər əsas götürülərək mütəmadi olaraq sortlar üzərində işlənilir. Bu baxımdan, Azərbaycanda, əksinə olaraq, sortlar üzərində intensiv işlər görülmür. Biz görürük ki, hələ də bizdə məhsuldar sortlar yetişdirə bilmirlər. AMEA-nın tərkibində Genetik Ehtiyatların Qorunması İnstitutu var ki, bu institutda 300-ə yaxın alim çalışır. Həmin institutun qarşısında duran 1 nömrəli vəzifə ondan ibarətdir ki, bitkiçilikdə yeni, daha məhsuldar sortlar, heyvandarlıqda daha məhsuldar cinslər yetişdirilsin. Artıq 20 ildir institut fəaliyyət göstərir. Amma bu sahədə ciddi irəliləyişlər əldə olunmayıb. Azərbaycana mütəmadi olaraq xaricdən meyvə-tərəvəz növləri, yeni heyvan cinsləri gətirilir. Yəni, biz digər ölkələrdən fərqli olaraq, özümüz yeni sortlar üzərində işləyə bilmirik. Yeni sortların tətbiqi, məhsuldarlığın artırılmasına, ətraf mühitə dözümlülüyün çoxalmasına gətirib çıxarır. Ona görə, bizdə də yeni sortların yaradılması üzərində intensiv iş getməli, hazırlanan sortlar rayonlaşdırılaraq  fermerlərə təqdim edilməlidir". 


Sizin Reklam Yeriniz