Azərbaycanın əsas sosial və siyasi problemlərindən biri Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 50 minazərbaycanlı Dağlıq Qarabağdan, 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulub. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılıb: "Ümumi olaraq, bir milyon insan qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən 20 il keçir və Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur. Təbii ki, bu, böyük siyasi, iqtisadi və sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ var".
"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlayıb. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. "Qarabağ" sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olub. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, bizdanışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılıb. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb", - İlham Əliyev bəyan edib.