Əlaqə Arxiv
news Image
2014.01.09
16:19
| A A A
Tənqidçi Elnarə Tofiqqızının ölümündə günahlandırılan anestezioloq: “Ekspertizanın rəyi tamamilə səhvdir”

"Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyi tamamilə səhvdir və mən bunu qəbul etmirəm".

 

Bunu APA-ya açıqlamasında E. Toqfiqqızının əməliyyatında iştirak edən anesteziloq Firuz İbrahimov deyib.

F. İbrahimov E. Tofiqqızının ölümünə səbəb olan amilləri açıqlayıb və qeyd edib ki, xəstənin üzərində bütün anesteziya əməliyyatları tam qaydasında aparılıb: "Elnarə Tofiqqizinin ölümünün səbəbi birbaşa ürək fəaliyyətinin dayanması ilə əlaqədardır. Ürək fəaliyyətinin bərpası ilə dörd saat məşğul olmuşam. Orda ağciyərin funksiyasının dayanmasından söhbət gedə bilməz. Ürək fəaliyyəti qəflətən dayanıb, xəstənin çəkisi həddindən artıq çox olduğuna görə onu həyata qaytara bilmədik. Əməliyyata kardio briqada və başqa anestezioloqlar da gəldi, lakin ürək fəaliyyətinin bərpa edə bilmədik".

F. İbrahimov ekspertizanın düzgün aparılmadığını, ekspert rəyində ağciyər arteriyasını trombemboliyasının müayinəsinin həyata keçirilmədiyi bildirib: "Ekspert rəyində qeyd edilib ki, ağciyərin yuxarı payı havalıdır, aşağı payları isə atelektatik . Ağciyərin əgər yuxarı payında hava varsa, bu xəstənin tənəffüsünə kifayət edir və aydın olur ki, xəstənin ölümünə kəskin tənəffüs çatışmazlığı səbəb olmayıb. Bu səbəblərə görə ekspertizanın rəyi ilə razı deyiləm və ekspertizanın rəyini tamamilə səhv hesab edirəm. Ekspertizada ürək fəaliyyətinin tıxanmasının nədən olması araşdırmalıdır. Bu, ya trombemboliyadandır ya da piy emoboliyasından".

F. İbrahimov, E. Tofiqqızının ölümü ilə bağlı dəfələrlə istintaqa çağırıldığını və ifadəsinin alındığını qeyd edib: "Peşə fəaliyyətimdə birinci dəfə idi ki, belə bir hal ilə qarşılaşırdım. Mənim xəstələrimdən hələ ölən olmayıb və Elnarə Tofiqqızından qat-qat ağır xəstələri həyata qaytarmışam".

F. İbrahimov həmçinin "Medi Sina" klinikası ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb: "Artıq həmin klinika ilə əməkdaşlıq etmirəm. Hazırda anestezioloq kimi fəaliyyətimi 1 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirirəm".

Xatırladaq ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Qeyd edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib. A. Niftəliyev o zaman APA-ya bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib: "Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib".

 

A.Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: "Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb".

Sizin Reklam Yeriniz