Bakıda ruhi xəstəxanadan qaçan sonuncu iki nəfər həbs edilib.
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.
Məlumata görə, BŞBPİ-nin cinayət-axtarış idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan Yusif Məhərrəmov və Tural Abbasov saxlanılıblar. Onlar paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində ələ keçiblər. Saxlanılarkən polisə müqavimət göstərən bu şəxslərdən quldurluq etməkdə istifadə olunan müxtəlif qara markalar və soyuq silah götürülüb. Yusif Məhərrəmov ruhi xəstələrin xəstəxanadan qaçmasını təşkil edən şəxsdir.
Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Həmin gün Ruhi Psixiatriya Xəstəxanasında xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov noyabrın 16-da özünü binadan ataraq intihar edib.
Xəstəxanadan qaçan digər iki nəfər - Elvin Nəsrullayev və Razim Hacıyev isə bir müddət əvvəl saxlanılıblar.