Əlaqə Arxiv
news Image
2014.01.13
17:06
| A A A
Mənşəyi məlum olmayan duzlar
Eyyub Hüseynov: «Bir sıra mağazalar şəbəkəsində hardan, hansı yolla gəlməsi məlum olmayan duzları yığırlar və satışını həyata keçirirlər» Rasif Bağırov: «Bazarlarda bəzən elə duz məhsullarına təsadüf olunur ki, tərkibindəki yodun düzgün konsentrasiya olunub-olunmaması məlum deyil»

Bu gün ölkə bazarında satılan duz məhsulları içərisində keyfiyyətsiz duzlara da təsadüf olunur. Məlumdur ki, Azərbaycanda da duz istehsal edən bir sıra müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr isə, həmişə istehsal zamanı qaydalara riayət etmir. Dəfələrlə olub ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) istehsal edilən yodlaşdırılmış xörək duzunun müvafiq texnoloji təlimat və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, duzun istehsalında xammal kimi mənşəyi bəlli olmayan duz və yoddan, qablaşdırılmasında isə mənşəyi bəlli olmayan kağız paketlərdən istifadə edildiyi müəyyən olunan müəssələrin fəaliyyətinə son qoyub. Bununla yanaşı, yoxlama zamanı duzların etiketində istehsalçı müəssisə barədə məlumatın göstərilmədiyi hallar da müəyyən edilib. Lakin buna baxmayaraq, hallar olur ki, dükanlarda, xüsusən də bölgələrdə lazımi qədər yodlaşdırılmamış və ya təmizlənməmiş duz satışına rast gəlinir. 

Ölkə ərazisində 12 növə qədər duz satışının həyata keçirildiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunların içərisində xaricdən istehsal olunan kifayət qədər keyfiyyətsiz məhsulun da olduğunu bildirdi: "Ölkəmizdə bir sıra ticarət şəbəkələrində bu cür duzlar satılır. Əhaliyə təxminən 12 növə qədər duz təklif olunur. Ölkə bazarında yarım kilosu 6 manata olan duzlar da var, yarım kilosu 40 qəpiyə olan duz da. 2001-ci ildə yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqda qanun qəbul olundu. Qanunun 3.8-ci maddəsinə görə, ölkədə yodsuz duzun satışı qadağandır. Yodlaşdırılmamış duzların nəinki insanlara, hətta heyvanlara yem məqsədilə verilməsi belə yolverilməz və qəti qadağandır. Narkotiki satmaq necə qadağandırsa, yodsuz duz satmaq da qadağandır. Lakin bir sıra mağazalar şəbəkəsində hardan, hansı yolla gəlməsi məlum olmayan duzları yığırlar və satışını həyata keçirirlər. Bir çox çörək sexlərində də bu cür duzlardan istifadə edirlər. Bu cür duzlar hamısı xaricdən gətirilir. Məsələn, Norveçdən, Rusiyadan, İtaliyadan və s. Keyfiyyətsiz duz satışı qanunla qadağandır". 

AİB sədri İqtisadiyyat və Sənaye Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin bu sahəyə ciddi nəzarətinə ehtiyac olduğunu dedi: "Monitorinqlər aparmalı, bu cür  məhsulların dükanlardan yığışdırılmasına nail olmalıdır".  



Tibb sahəsi üzrə ekspert Rasif Bağırov saytımıza verdiyi açıqlamada düzgün hazırlanmayan duzların qalxanvari vəzdə və eyni zamanda ağciyərdə xəstəliklərinə yol aça biləcəyini bildirdi: "Ümumiyyətlə, nəinki duzların, eyni zamanda orqanizmə qida məhsulu kimi daxil olan bir sıra istehlak məhsullarının yoxlanışdan keçmədən satışa buraxılması insan orqanizmində bir çox xəstəliklərin yaranmasına şərait yaradır. Bazarlarda bəzən elə duz məhsullarına təsadüf olunur ki, tərkibindəki yodun düzgün konsentrasiya olunub-olunmaması məlum deyil. Ola bilir ki, məsələn, duz lazım olan konsentrasiyadan aşağı dərəcədə yodlaşdırılıb. Bəzən isə, duz həddən artıq yodlaşdırılır. Azərbaycanda bəzilərinin hər şeydən nəsə qazanmaq həvəsi olduğunu nəzərə alsaq, insanda belə bir fikir yaranır ki, bəlkə də üzərində yodlaşdırılmış yazılan duzun içində heç bəlkə də yod yoxdur. Və ya da ki var, amma aşağı konsentrasiyadadır. Ola bilər ki, normadan artıq, çox yüksək konsentrasiyada da olsun. İnsanların aldıqları qidadan rahat şəkildə istifadə edə bilməsi üçün gərək ölkədə satılan duzlar Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə yoxlanıldıqdan sonra əhaliyə təqdim olunsun. Çünki, duzun tərkibindəki yodun miqdarının az olması insan orqanizmində müəyyən fəsadlar  törədir. Bu ilk olaraq qalxanvari vəzi ilə bağlı xəstəliklərin meydana çıxmasına şərait yaradır. Yodun miqdarının çox olmasının özü də orqanizmdə çoxlu xəstəliklər yarada bilir. Məsələn, bunun özü də qalxanvari vəzi xəstəliklərinə, ağciyər xəstəliklərinə və s. yol açır. Eyni zamanda duzun təmizliyi məsələsi və s. onun isthsal olunduğu yerdən, şəraitdən birbaşa olaraq asılıdır. Bütün bu məslələrə ciddi şəkildə diqqət edilməlidir". 


Sizin Reklam Yeriniz