Əlaqə Arxiv
news Image
2014.01.13
17:55
| A A A
Elmar Məmmədyarov İtaliyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələr verib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın aparıcı kütləvi informasiya vasitələri olan "Globalist", "TM News", "La stampa", "Internazionale", "AGİ", "Unita" və "Newsit24"-ə müsahibələr verib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın xarici siyasət fəaliyyətindən danışan nazir xarici siyasət və diplomatik fəaliyyətin daha çox uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini, xarici siyasətin daxili siyasətin məntiqi davamı olduğunu və bu fəaliyyət sahələrinin bir-birini qarşılıqlı şəkildə tamamladıqlarını qeyd edərək, xarici siyasət sahəsindəki nailiyyətlərin dövlətin ümumi inkişafı kontekstində nəzərdən keçirilməli olduğunu vurğulayıb. 

 

Müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu və xüsusilə son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyllərini Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirən E.Məmmədyarov ölkənin ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət fəaliyyəti ilə əlaqədar Azərbaycan cəmiyyətində vahid konsensus olduğunu və bunun özünü bir daha 2013-cü ilin 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində açıq şəkildə göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan xalqının qəti iradəsini ortaya qoyaraq, azad, ədalətli, demokratik və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində ölkənin əldə etdiyi nailiyyətlərə öz qiymətini verdiyini və prezident İlham Əliyevin rəhbərliyi altında liberal-demokratik dövlət quruculuğu, davamlı inkişaf, siyasi sabitlik və sosial ədalət prinsipləri əsasında Azərbaycanı inkişafa və daha yeni nailiyyətlərə aparan siyasi kursun davamlılığına səs verdiyini vurğulayıb. 

 

Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionun lider dövləti olduğunu və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən nazir Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft-qaz kəmərlərinə əlavə olaraq, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığını yeni səviyyəyə qaldıracağını bildirib. O, region hüdudlarından kənarda, Trans-Anadolu boru kəmərinin çəkilməsi barəsində qərarın Azərbaycanın regionun enerji mənzərəsini dəyişəcək böyük miqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisi olduğunu qeyd edərək, "Şahdəniz" konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin seçilməsi barəsində qərarının isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacağını deyib. 

 

Ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsi, "Eurovision" musiqi müsabiqəsi, Mədəniyyətlərarası dialoq forumu və Bakı Beynəlxalq humanitar forumu kimi mötəbər tədbirlərə və 2015-ci ildə Avropa oyunlarına ev sahibliyi etməsinin Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına xidmət etdiyini deyən E.Məmmədyarov Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslərin də müəllifi olduğunu bildirib.

 

Vaxtilə təhlükəsizlik və yardımların istehlakçısı olan Azərbaycanın bu gün beynəlxalq sülh və təhlükəsizliyə əsaslı töhfələr verdiyini və Azərbaycan beynəlxalq inkişaf agentliyinin Afrika, Asiya, Yaxın Şərq və Karib dənizi hövzəsində humanitar layihələrə yardım etdiyini qeyd edən nazir Azərbaycanın qonşu dövlətlər, eləcə də Şərqi və Mərkəzi Avropa ölkələri və Mərkəzi Asiya regionunda sərmayələrinin genişləndiyi barəsində də məlumat verib. O, Elmar Məmmədyarov Azərbaycanın son illər ərzində bütün sahələrdə əldə etdiyi inkişafın və dünya miqyasında artan nüfuzunun Azərbaycanın nailiyyətlərinin bariz təzahürü olduğunu və xarici siyasətin də bu inkişaf strategiyasının mühüm hissəsi olaraq, öz vacib rolunu oynadığını vurğulayıb.

 

TANAP və TAP layihələrinin əhəmiyyəti barəsində sualı cavablandıran nazir "Şahdəniz-II" layihəsi üzrə yekun investisiya qərarının imzalanması üzrə 17 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş mərasimdə prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihənin regionun və Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib. O, iştirakçı dövlətlər, eləcə də Avropa Birliyi və digər tərəfdaş dövlətlərdən olan yüksək səviyyəli nümayəndələrin "Şahdəniz-II" yekun investisiya qərarının imzalanması mərasiminə qatılmasının layihənin həyata keçirilməsi üçün nümayiş etdirilən əzm və niyyətin təzahürü olduğunu qeyd edib. 

 

Cənub qaz dəhlizi konsepsiyası gündəmə gətiriləndən etibarən Azərbaycanın onun həyata keçirilməsi üçün ardıcıl siyasi iradə nümayiş etdirdiyini deyən Elmar Məmmədyarov bu dəhlizin vacib strateji komponenti kimi TANAP layihəsi təşəbbüsünün meydana çıxmasının Azərbaycanın bu məsələdə nə dərəcədə əzmli olmasının sübutu olduğunu deyib. 

 

Dünyanın böyük enerji layihələri sırasında olan "Şahdəniz-II", TANAP və TAP layihələrinin icrası üçün 45 milyard ABŞ dolları dəyərində sərmayə yatırılacağını və bu xətt boyunca 30 mindən artıq yeni iş yerinin açılacağını qeyd edən nazir layihənin birinci mərhələsində 10 milyard kubmetr, növbəti mərhələlərdə isə 20 milyard kubmetrdən artıq Azərbaycan qazının ixrac ediləcəyi barəsində məlumat verib: "Bu layihə bir daha göstərir ki, Azərbaycan yalnız diversifikasiya olunmuş təchizat marşrutu ilə deyil, eləcə də bu təchizatın diversifikasiya olunmuş mənbələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir".

 

Azərbaycanın enerji siyasətinin qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımdan səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykəndiyini deyən E.Məmmədyarov bu layihənin orada iştirak edən dövlətlərin iqtisadi inkişafına və bu dövlətlər arasında əməkdaşlıq və dostluğun daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə əlaqədar suala münasibətdə nazir Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyinin aydın olduğunu və bunun beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nın dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslandığını qeyd edib: "Davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycanın ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir. Əminliklə deyə bilərik ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Qəti şəkildə inanırıq ki, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcək".

 

Sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycanın töhfələri barəsində sualı cavablandıran E.Məmmədyarov Avropa və Asiyanın kəsişməsində yerləşən coğrafi mövqeyinə görə Azərbaycanın əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynadığını, sülh şəraitində birgə yanaşı yaşamanın və dözümlülüyün Azərbaycan xalqının ənənəvi həyat tərzi olduğunu diqqətə çatdırıb. Buna görə də heç də təsadüfi olmayaraq, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsində mühüm rol oynadığını və bu ali məqsədlərin həyata keçirilməsi üçün çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib. 

 

Nazir Elmar Məmmədyarov sivilizasiyalararası dialoqun təşviqi məqsədilə ölkəmizin ev sahibliyi və təşkil etdiyi Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu, Beynəlxalq Humanitar Forumu, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası sözügedən missiyanın bariz nümunələri olduğunu deyib. 

 

Sivilizasiyalararası dialoqun sülh və təhlükəsizliyi möhkəmləndirmək, münaqişələri tənzimləmək, mədəni müxtəlifliyi gücləndirmək və davamlı inkişafa təkan vermək üçün potensiala malik olduğunu deyən nazir müəyyən yanlış fikirlərin olduğu şəraitdə sivilizasiyalararası dialoqun gücləndirilməsi, xalqlar və dövlətlər arasında dözümlülüyün təşviqi və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin xüsusi olaraq zəruri olduğunu nəzərə çatdırıb. Bu baxımdan o, dünyada sülhün gücləndirilməsi naminə Azərbaycanın daha da əzmli şəkildə sivilizasiyalararası dialoq təşəbbüslərinə töhfə vermək səylərini davam etdirəcəyini vurğulayıb.

 

Azərbaycan-İtaliya münasibətləri və Azərbaycanın Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirakı barəsində sualları cavablandıran nazir Elmar Məmmədyarov Azərbaycanla İtaliya arasında uzun bir tarixi dövr ərzində formalaşmış dostluq əlaqələrinin olduğunu qeyd edərək, bu sırada qədim Roma imperiyası ilə təmaslar, italyan səyyahlarının Azərbaycana səfərləri, orta əsr italyan dövlətləri ilə Azərbaycan dövlətlərinin diplomatik və ticarət əlaqələri, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının İtaliya ilə diplomatik əlaqələri və İtaliyanın həmin dövrdə Azərbaycanda Baş konsulluğunun fəaliyyət göstərməsi kimi mühüm tarixi məqamları diqqətə çatdırıb. 

 

Hazırda İtaliyanın Aİ-də Azərbaycanın ən vacib və yaxın tərəfdaşlarından olduğunu deyən nazir ikitərəfli və çoxtərəfli əsasda ölkələrimiz arasında əlaqələrin davamlı surətdə inkişaf etdiyini qeyd edərək, siyasi səviyyədə əlaqələrimizin qarşılıqlı anlaşma, yaxın siyasi məsləhətləşmələr, intensiv ikitərəfli səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi meyllərlə səciyyələndiyini vurğulayıb. 

 

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin 5 mlrd. avro həcmində olduğunu və Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçılarından olduğunu qeyd edərək, qarşıdan gələn illərdə Azərbaycanın İtaliyanın əsas qaz təminatçılarından biri olacağını deyib. 

 

Bu gün İtaliya şirkətlərinin Azərbaycanda tikinti, mebel, maşınqayırma, qida sənayesi, kənd-təsərrüfatı, turizm, keramika sahələrində uğurla fəaliyyət göstərdiklərini deyən nazir əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib. O, keçən ilin noyabrında 130 italiyalı iş adamının iştirakı ilə baş tutmuş Azərbaycan-İtaliya biznes forumu və dekabrda keçirilmiş hökumətlərarası birgə komissiyanın iclasına toxunaraq, hər iki tədbirin tərəfdaşlığı daha da gücləndirmək üçün İtaliya və Azərbaycan sahibkarlarının qarşılıqlı əzmini və Azərbaycan hökuməti tərəfindən təqdim olunan böyük biznes və investisiya layihələrinə İtaliya şirkətlərinin ciddi marağını ortaya çıxardığını qeyd edib. 

 

Sürətli iqtisadi inkişaf göstəricilərinə malik olan Azərbaycanın xarici investisiya layihələrinin ciddi iştirakçısına çevrildiyini deyən E.Məmmədyarov 2003-2011-ci illər ərzində Azərbaycanın xarici ölkələrə 6 milyard ABŞ dollarından artıq sərmayə qoyduğunu və investisiya ixracatçısına çevrildiyini qeyd edərək, qarşıdan gələn illərdə ölkələrimiz arasında qarşılıqlı sərmayələrin də həcminin artacağına da ümidvarlığını ifadə edib. 

 

Azərbaycan və İtaliya xalqlarının mədəniyyət, incəsənət, musiqi və ədəbiyyata olan sevgi və rəğbətinə görə mədəni və humanitar sahələrin əlaqələrimizin daha bir başlıca istiqaməti olduğunu deyən nazir əminliyini ifadə edib ki, qarşılıqlı anlaşma, faydalı əməkdaşlıq və dostluq əsasında Azərbaycan-İtaliya əlaqələri daha da inkişaf edəcək.  

 

Avropa İttifaqı ilə əlaqələr məsələsinə gəlincə, Elmar Məmmədyarov əlavə edib ki, Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycan tərəfindən ardıcıl surətdə yürüdülən strateji xətdir və bu xüsusda Aİ ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir: "Biz bir çox məsələlər üzrə Aİ-nin dəyərlərini və baxışlarını bölüşürük və əməkdaşlığımızı daha da gücləndirmək üçün əzmliyik. Bu xüsusda İtaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilir".

 

Nazir bütün sahələrdə Azərbaycanda modernləşmənin həyata keçirildiyini qeyd edərək, ölkəmizin əsas tərəfdaşlarından biri kimi, Aİ-nin bu prosesdə iştirakının vacib olduğunu vurğulayıb və əlavə edib ki, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılması, demokratiya və qanunun aliliyinin gücləndirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı və ümum Avropa təhsil sisteminə inteqrasiya ölkəmizin prioritetləri sırasındadır. 

 

Azərbaycanın Aİ-nin "Yeni Qonşuluq Siyasəti" və "Şərq Tərəfdaşlığı" proqramlarında fəal şəkildə iştirakı barəsində danışan E.Məmmədyarov ölkəmizin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq etdiyini söyləyib.

 

"Şərq Tərəfdaşlığı" üzrə Vilnüs sammitində Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsinə dair imzalanmış sazişi Aİ ilə əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirən nazir bu sənədin Aİ ilə Azərbaycan arasında insanlararası təmasları və səyyarlığı artıracağını və ölkəmizin qanunvericiliyinin və inzibati mexanizmlərinin Aİ-nin bu sahədə olan təcrübəsinə yaxınlaşmasını sürətləndirəcəyini bildirib.

 

Azərbaycan və Aİ-nin enerji sahəsində strateji tərəfdaşlar olduqlarını deyən E.Məmmədyarov Azərbaycanın bu strateji tərəfdaşlığı digər sahələrə doğru genişləndirmək niyyətində olduğunu vurğulayıb.


Sizin Reklam Yeriniz