Ziya Məmmədovdan sərt xəbərdarlıq
Nəqliyyat Nazirliyində avtomobil yollarının mövcud
vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı
müşavirə keçirilib. Bu barədə Movqe.az-a nazirliyin mətbuat
xidmətindən məlumat verilib. Müşavirəyə sədrlik edən nəqliyyat naziri Ziya Məmmədov yüksək
səviyyəli avtomobil yollarının mövcudluğunun iqtisadi inkişafı
şərtləndirən amillərdən biri olduğunu qeyd edib, avtomobil
yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən
qurulması ilə bağlı görülən işləri ümumilikdə müsbət qiymətləndirsə
də bu sahədə mövcud olan nöqsan və çatışmazlıqları müşavirə
iştirakçılarının diqqətinə çatdırıb. Nazir işlərin keyfiyyətinə və vaxtında icra olunmasına təsir
göstərən, eləcə də istismara verilən obyektlərin vaxtından tez
sıradan çıxmasına səbəb olan amillərdən narahatlığını bildirib, yol
layihələrinin icrasına kifayət qədər maliyyə vəsaitinin ayrılmasına
baxmayaraq, onların yerinə yetirilməsində gecikmələrə yol
verildiyini, ağır çəkili və normadan artıq yüklənmiş yük
avtonəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasına qarşı
təsirli tədbirlərin görülməməsini, layihələrdə iştirak edən
çoxsaylı podrat və subpodrat təşkilatlarının mövcudluğunu və
bunların fəaliyyətinə lazımi nəzarətin olmamasını, Yol-İstismar
İdarələri tərəfindən xidmət göstərdikləri sahələrdə yolların
saxlanılmasının qeyri-qənaətbəxş vəziyyətini, bir sıra hallarda
icra intizamının aşağı səviyyədə olmasını bir daha diqqətə çatdırıb
və bu sahədə ciddi tədbirlər görülməsi ilə bağlı müvafiq
tapşırıqlar verib. Nəqliyyat naziri
qeyd edib ki, ümumi istifadədə olan avtomobil yollarının mühafizə
zolağında, bəzənsə bilavasitə yolların kənarındakı qanunsuz
obyektlərin kənarlaşdırılması işləri zəif aparılır, yolların
hərəkət hissəsində kənar təşkilatlar tərəfindən qazılma halları
mövcuddur və bu bilavasitə "Azəryolservis" ASC-nin Yolların
Mühafizə Xidməti İdarəsinin zəif fəaliyyətinin
nəticəsidir. Z.Məmmədov podratçı və
subpodratçı təşkilatlarla, layihə-nəzarət qrupları ilə
müqavilələrin bir daha nəzərdən keçirilməsi, keyfiyyət və
təhlükəsizlik baxımından müqavilə şərtlərinin daha da
sərtləşdirilməsi, gələcəkdə icra olunacaq yol layihələrində yalnız
yüksək peşəkarlıqlı şirkətlərə üstünlük verilməsi məsələlərinə də
toxunub və bütün bunların yenidən araşdırılaraq müvafiq qərarlar
qəbul edilməsi ilə bağlı konkret tapşırıqlar
verib. Nəqliyyat naziri yol
infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin,
Bakı-Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəddi avtomobil
yolunda aparılan işlərin son durumu, Muğanlı-Yevlax avtomobil yolu
istiqamətindəki vəziyyət, o cümlədən Bakı şəhərində müxtəlif
səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları
şəbəkəsinin təkmilləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd
əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin
asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli
avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə
Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin icrası ilə bağlı ciddi
xəbərdarlıq edib və aidiyyati qurumlara müvafiq tapşırıqlar
verib.