Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət 2
səyyar tibbi-texniki briqada növbəti dəfə respublikanın cənub
bölgəsində yaşayan əlilləri protez-ortopedik xidmətlə təmin edəcək.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən
xəbərə görə, bu məqsədlə briqadalardan biri yanvarın 17-də
nazirliyin Lənkəran rayonundakı Əlillərin Regional Bərpa
Mərkəzində, digəri isə yanvarın 18-də Masallı rayon mərkəzi
xəstəxanasında olacaq. İki gün ərzində bölgədəki Lənkəran, Lerik,
Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət
sistemi pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı olan
ümumilikdə 170 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları
məhdud uşağa xidmət göstəriləcək. Ötən ay
briqadalar tərəfindən Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli
rayonlarında yaşayan 100 nəfərdən çox əlil şəxsə xidmət göstərilib.
İl ərzində səyyar protez-ortopediya xidməti ölkənin bütün
bölgələrini əhatə edəcək.