Əlaqə Arxiv
news Image
2014.01.15
14:57
| A A A
Badamdar qəsəbə nümayəndəliyi hesabat verdi

Azərbaycanda aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün paytaxtımız Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. Ötən 2013-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra işlər görülmüşdür.

Badamdar qəsəbəsində yerləşən möhtəşəm "Monolit plaza" mehmanxanasında Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş və Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunmuş və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirmişdir ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə qəsəbədəki 136 saylı uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bağçanın açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və qızı Arzu Əliyeva iştirak etmişlər.

Həmçinin bağçanın yaxınlığındakı T.Məmmədov küçəsi 7 saylı bina və həyəti əsaslı təmir olunmuş, yeni qazanxana istifadəyə verilmişdir.

Noyabr ayının 22-də Azərbaycan Respublikası Prezidentinin əsaslı təmir-yenidənqurma işlərindən sonra Səbail rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanışlığı zamanı ölkə başçısı Badamdar qəsəbəsində yeni İdman Kompleksinin tikintisi ilə bağlı layihələrlə tanış olmuş, onun xeyir-duasından sonra qəsəbədə kompleksin inşasına başlanmışdır.

Dövlət Proqramına uyğun olaraq qəsəbədə yeni xəstəxana binasının, 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir. A.Abbaszadə küçəsində Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun inşası başa çatmaq üzrədir.

Neftçilər küçəsi 1, 2, 3, T.Məmmədov küçəsi 9, N.Paşayev küçəsi 8 ünvanlardakı 7 binada təmir işləri aparılmış, binalar üzlük daşla üzlənmiş, eyvanlar təmir olunmuş, pəncərələr və giriş qapıları yeniləri ilə əvəz olunmuşdur. "Abad həyət" layihəsinə əsasən Neftçilər küçəsi 2 ünvanındakı həyətdə əsaslı təmir işləri aparılmış, burada söhbətgahlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, səkilərə daş döşənmiş, dekorativ kollar əkilmiş və yeni asfalt örtüyü salınmışdır. Həyətdə futbol stadionu təmir olunmuş, bura AFFA tərəfindən süni örtük çəkilmişdir.

RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün 2 mərtəbəli 10 mənzilli xidməti yaşayış binası istifadəyə verilmiş, sakinlərin müraciəti əsasında qəsəbə qəbiristanlığında dini ayinlərin icrası üçün tikili inşa olunmuşdur.

İqor Ağayev küçəsi 8 saylı binanın fasadında təmir işləri aparılmış, bu binada yaşamış şəhid Tofiq Məmmədovun barelyefi yenisi ilə əvəz olunaraq ətraf ərazidə abadlıq işləri görülmüşdür.

Badamdar şossesində yolun genişləndirilməsi və təmiri ilə bağlı işlər davam etdirilmiş, yol kənarlarında yerləşən mağaza və obyektlərin fasadları, istinad divarları təmir olunmuş və onların aqlay daşla üzlənməsi işləri davam etdirilir.

İl ərzində Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivləri, Seymur Məmmədov, Seyran Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 9930 kv. metr asfalt örtüyü təmir olunmuş və yenidən çəkilmişdir.

Qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, yeni zibil qutuları qoyulmuş, buradakı konteynerlər rənglənmişdir.

Bağlar, Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ələddin Ağakişiyev, Nurəddin Paşayev küçələrində və Badamdar şossesində kanalizasiya quyuları təmizlənmiş, 26 ünvanda kanalizasiya quyuları təmir olunmuş, 20 çoxmənzilli yaşayış binasına yeni istilik xətləri çəkilmişdir.

Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir. Nümayəndəlik tərəfindən burada müvafiq şərait yaradılmış və ərazinin sanitar təmizliyi nəzarətdə saxlanılır.

Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi və Səbail rayon Sukanal Departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilmişdir.

Novruz bayramı münasibəti ilə qəsəbədəki "N" saylı hərbi hissədə bayram şənlikləri və konsert təşkil olunmuş, əsgərlərimizə bayram sovqatları təqdim olunmuşdur.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermişdir. O, bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin tikintisi başa çatdırılacaqdır Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcəkdir.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

Sizin Reklam Yeriniz