Əlaqə Arxiv
news Image
2014.01.16
21:15
| A A A
Şərqşünasların 39-cu beynəlxalq konqresi Bakıda keçirilə bilər

Dünya miqyasında tanınmış macar türkoloq, Macarıstan EA-nın həqiqi üzvü, Şərq və Asiya Tədqiqatları Beynəlxalq Cəmiyyətinin (International Union for Oriental and Asian Studies) prezidenti, professor Georq Xazai şərqşünasların növbəti - 39-cu beynəlxalq konqresinin Bakıda təşkili ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycanda səfərdədir.

Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, nüfuzlu beynəlxalq elmi təşkilat 1873-cü ildən fəaliyyət göstərir. Onun sonuncu - 38-ci konqresi Türkiyə Prezidenti Abdullah Gülün himayəsi və Atatürk Mərkəzinin təşkilatçılığı ilə 2007-ci ildə Ankarada keçirilib.

Bakıda olduğu müddət ərzində akademik G.Xazai Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi ilə müzakirələr aparacaq, Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illik yubileyində iştirak edəcək, ölkəmizdə humanitar elmlərin inkişaf perspektivləri ilə tanış olacaq.

Səfər zamanı dünya şərqşünaslarının mötəbər elmi forumunun (sonuncu Ankara konqresində dünyanın 100-ə yaxın ölkəsindən 1500 nəfərə yaxın qonaq iştirak etmişdi) keçirilməsi ilə bağlı təşkilat komitəsinin formalaşdırılması, konqresin yerinin və vaxtının müəyyən edilməsi nəzərdə tutulur.

Bakıya yola düşməzdən əvvəl Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyevlə görüşən akademik Azərbaycan alimlərinin dünya şərqşünaslıq elminə böyük töhfə verdiklərini, əsrlər boyu Şərqlə Qərb arasında mədəni körpü rolunu oynayan Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək üçün çoxdan mənəvi haqq qazandığını diqqətə çatdırıb.

G.Xazai yarım əsrə yaxındır ki, Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir. O, 2011-ci ildə şəxsi kitabxanasında saxlanan 1000 nüsxədən çox kitabı və bir sıra arxiv materiallarını AMEA-nın Əsaslı kitabxanasına, 2012-ci ildə 300 nüsxə kitabı Naxçıvan Dövlət Universitetinə hədiyyə edib. Bu yaxınlarda Bakıda AMEA Əsaslı kitabxanası tərəfindən Xazai fondunun biblioqrafiyası hazırlanaraq nəşr edilib.

Sizin Reklam Yeriniz