Əlaqə Arxiv
news Image
2014.01.17
11:02
| A A A
Silah üçün DİN-ə müraciət edən deputatlar kimlərdir?

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında" Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur: "Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".


Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.


Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil omazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.


Ötən çağırışlarda Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib. Amma silahlanmış deputatlardan kiminsə həyatı üçün nə vaxtsa təhlükəli hallar yaranmayıb. Elə ona görə də onlar əllərini bellərindəki qobura uzatmalı olmayıblar.


2-ci çağırış Milli Məclisdə 20-yə yaxın deputatın xidməti silahı olub.

3-cü çağırışda Milli Məclisdən silah üçün Daxili İşlər Nazirliyinə müraciət edən deputatların sayının xeyli çox olduğu bildirilir. Amma onların əksəriyyətinin müraciətinə mənfi cavab verilib.

Parlamentin silahlanmış deputatları arasında müxalifət nümayəndələri olmayıb. Məsələn, ötən çağırış Milli Məclisdə millət vəkillərinin həyatına hər zaman təhlükə olduğunu bildirən deputat Qüdrət Həsənquliyev onlara silah verilməsi məsələsinin həllini tələb etmişdi.

Silah almaq istəyən deputatlardan biri də Pənah Hüseyn idi. Ümid Partiyasının sədri İqbal Ağazadə də deputat səlahiyyətindən istifadə etməklə silah almaq niyyətinə düşmüşdü.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da iclasların birində silah əldə etmək istəyini açıq şəkildə bəyan etmişdi.

Amma onların israrla silah almaq istəməkləri Daxili İşlər Nazirliyi tərəfindən müsbət cavablandırılmamışdı.


Bəs görəsən IV çağırış Milli Məclisin deputatlarından kimsə xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edibmi? 


Özəl məlumata görə, hazırda da silah gəzdirən millət vəkilləri var.


Modern.az məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovdan münasibət öyrənib. Nazirlik rəsmisi bildirib ki, Milli Məclisin deputatlarının xidməti silah gəzdirmələri qanunla qadağan olunmasa, da son illərdə silah gəzdirmək üçün müraciət edən olmayıb.


"Ölkədə sabit kriminogen vəziyyət olduğundan millət vəkilləri də xidməti silah gəzdirmək üçün müraciət etməyiblər. Onlar özləri də bunun səbəbini ölkədəki təhlükəsizliklə əlaqələndirirlər. Bizim nazirlik də daxil olmaqla hüquq-mühafizə orqanları ölkədə asayişin qorunmasını yüksək səviyyədə təmin edirlər. Məhz bunu nəzərə alaraq deputatlar da hər bir vətəndaş kimi onların da həyatı üçün heç bir təhlükənin olmadığını düşünürlər".


Qeyd edək ki, millət vəkili Konstitusiyada və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.


Sizin Reklam Yeriniz