Bu ilin birinci rübbündən həkimlərin qəbuluna elektron qaydada da düşmək olacaq. Movqe.az-a bu xəbəri Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə verib. C. Əsədzadənin sözlərinə görə, hazırda bir neçə tibb müəssisəsində sınaq üçün sistem istifadəyə verilib: "Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər elektron yolla qəbula yazıla biləcəklər. Amma hələki bu polikilinikalarda reallaşacaq. İlk növbədə isə uşaq polikilinikalarında. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək. Elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək".
Elektron qeydiyyat vasitəsi ilə pasiyentin həkimlərin hansı xəstəxanada çalışdığını öyrənə biləcəyini söyləyən C.Əsədzadənin sözlərinə görə, üstəlik, həkimlərin qəbul vaxtlarını da müəyyənləşdirmək olacaq: "Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək.
Elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar, sadəcə, internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyat nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcək".