Nazir ərzaqla bağlı tapşırıq verdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir
Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin
Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Müdafiə
Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir
edilmiş inzibati binasının açılış mərasimində iştirak ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi binanın birinci mərtəbəsindəki
Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq öz ehtiramlarını
ifadə ediblər. Binada yerləşən İdarə, şöbə, xidmət və bölmələrin
xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olunub,
şəxsi heyətin iş yerlərindəki şərait öyrənilib.Sahəsi 3 hektar
ərazini əhatə edən inzibati binanın təmirinə 2013-cü ilin noyabr
ayında başlanılıb. Ümumi sahəsi 3090 kv.m olan bina 3 mərtəbədən və
zirzəmidən ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri
ilə təmin olunub. Təmir işləri çərçivəsində burada qazanxana inşa
edilib və bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.
Bundan əlavə ərazidə müasir tələblərə cavab verən yeməkxana da
istifadəyə verilib.Binanın açılışı və ərazi ilə tanışlıqdan sonra
rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi Texniki
Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib.Müdafiə
naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin
gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların
sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar
tapşırıqlar verib.