Əlaqə Arxiv
news Image
2014.01.23
15:23
| A A A
Aqrar sahədə kadr problemi kəskinləşir
Vahid Məhərrəmov: «Təəssüflər olsun ki, Azərbaycandan bir tələbə belə Avropa institularına kənd təsərrüfatı sahəsində təhsil almaq üçün göndərilməyib» Sabir Vəliyev: «Bu sahədə ixtisaslaşmış, oxumuş, ali təhsilli elmlər namizədləri, elmlər doktorları kimi kadrlar başqa sahələrə yönəliblər»

Bu gün Azərbaycan iqtisadiyyatının mühüm bir sahəsi olan kənd təsərrüfatında mövcud problemlərdən biri də peşəkar, ixtisaslaşmış kadrların çatışmazlığıdır. Ümumiyyətlə, hər bir sahənin inkişafının əsas şərtlərindən biri bu sahəni bilən peşəkar şəxslərin olmasıdır. İxtisaslaşmış kadr olmadıqda yaranan problemlər kokündən həllini tapa bilmədiyindən uzanır və bu, müvafiq sahədə həm vaxt, həm vəsait itkisinə səbəb olur. Bu gün kənd təsərrüfatında da məhz bu hallar müşahidə olunmaqdadır. 

Son illər kənd təsərrüfatı üzrə kadrların yetişdirilməsinə o qədər də əhəmiyyət verilmədiyini deyən ekspert Vahid Məhərrəmov məsələyə belə münasibət bildirdi: "Bu gün kənd təsərrüfatında kadr çatışmazlığı həqiqətən də çox ciddi məsələdir. Təəssüflər olsun ki, kənd təsərrüfatı sahəsində savadlı kadrların yetişdirilməsinə ümumiyyətlə, son zamanlar çox da böyük əhəmiyyət verilmir. Ən aşağı bal toplayan abituriyentlər Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunurlar. Və burda təhsil  alan tələbələrin sonradan işlə təminatında da bir sıra problemlər yaranır. İndi elə də böyük fermer təsərrüfatları yoxdur ki, onların aqranoma, zootexnikə və yaxud da, digər mütəxəssislərə ehtiyacı olsun. Fermerlərin maaliyyə ilə bağlı problemləri olduğu üçün, onlar mütəxəssislərin xidmətindən istifadə etmirlər. Təəssüflər olsun ki, Azərbaycandan bir tələbə belə   Avropa institularına kənd təsərrüfatı sahəsində təhsil almaq üçün göndərilməyib. Başqa ixtisaslara aid kifayət qədər Azərbaycanlı tələbələr xaricdə təhsil alsalar da, aqrar sahədə bu hala təsadüf olunmur. Kənd təsərrüfatı üçün  nə yüksək səviyyəli peşəkarlar yetişidirilir, nə də işi icra edə biləcək kadr hazırlayan texniki peşə müəssisələri var. Kənd təsərrüfatı olduqca ciddi bir sahədir. Burda bir neçə elmin vəhdəti mütləqdir. Orda kadrlar bilologiyanı, fizikanı, kimyanı, torpaqşünaslığı bilməlidir. Bundan başqa, texnika ilə bağlı, idarəetmə ilə bağlı az da olsa bilgilərə malik olmalıdırlar. Bu baxımdan, kənd təsərrüfatı mürəkkəb sahə olduğu üçün, burda yüksək peşəkar kadrlara çox böyük ehtiyac var.  O kadrlar olmadan bu sahəni inkişaf etdirmək mümkün olmayacaq". 

Vahid Məhərrəmov kadr çatışmazlığının yaratdığı problemlərdən və mövcud problem öz həllini tapmasa, kənd təsərrüfatı sahəsini gözləyən təhlükələrdən danışdı: "Elə bu gün də şahidi oluruq ki, yerlərdə bir sıra problemlər var. Bunlardan biri toxumçuluğun inkişafı ilə bağlıdır. Təəssüflər olsun ki, biz bu gün toxumçuluğu inkişaf etdirə bilmirik. Yeni növ bitki, ya da mal-qara cinsləri yarada bilmirik. Bu sahəyə məsul olan AMEA-nın nəzdində fəaliyyət göstərən  Genetika və Seleksiya institutu var. Bu institutun ilk növbədə borcu odur ki, bitkiliçilikdə yeni sortlar, heyvandarlıqda daha məhsuldar yeni cinslər yaratsınlar. 20 ildir ki, gözəgörünən bir nəticə yoxdur. Bu da onunla bağlıdır ki, bu sahədə kadr çatışmazlığı var. Bundan başqa, bitkilərin mühafizəsi ilə bağlı da problemlər var. Biz görürük ki, ilbəil xəstəliklər, zərərvericilər geniş şəkildə yayılır. Vaxtı-vaxtında ona qarşı tədbirlər həyata keçirilməməsinin səbəbi də peşəkar kadrların olmamasıdır. Torpaq münbitliyini itirir, deqradasiya prosesi get-gedə genişlənir, erroziya, şoranlaşma kimi problemlər kənd təsərrüfatında bitkiçiliyə çox ciddi ziyan vurur. Bu sahədə də lazımi işlərin görülməməsi kadr çatışmazlığı ilə bağlıdır. Əgər biz peşəkar kadr yetişdirməsək, nəinki kənd təsərrüfatının inkişaf etdirə bilməyəcik, eyni zamanda biz ərzaq təhlükəsizliyi ilə üzləşəcəyik".  

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin rəisi Sabir Vəliyev kadr çatışmazlığını insanların aqrar sahəyə marağının çox az olmasıyla əlaqələndirir və həll yolu kimi bu sahədə təhsilin ödənişsiz həyata keçirilməsini təklif edir: "Kənd təsəsrrüfatı üzrə kadrları Azərbaycan Aqrar Universiteti hazırlayır. Orda isə artıq bir çox başqa sahələrdə də mütəxəssislər hazırlanmağa başlanıb. Bu sahəni seçənlər çox azdır. Aqrar Universitetə qəbul azdır. Çünki, insanlar görür ki bu sahəni seçənlər sonrada işlə təmin olunmurlar. Keçmişdə bu sahədə ixtisaslaşmış, oxumuş, ali təhsilli elmlər namizədləri, elmlər doktorları kimi kadrlar başqa sahələrə yönəliblər. Başqa sahələrdə çalışırlar. Ona görə də, Aqrar universitetə qəbul çox zəif gedir. Univeristet də məcbur olur ki, başqa sahələr üzrə kadr hazırlasın. Bu əlbəttə ki, kənd təsərrüfatı üçün böyük fəlakətdir. Elə nazirliyin özündə də kadr çatışmazlığı mövcuddur. 

Kadrların çoxalması üçün dövlət müəyyən güzəştlər həyata keçirməlidir. Məsələn, Aqrar Universitetdə təhsil almaq istəyənlərə pulsuz təhsil almaq haqqı verilməlidir. Əgər bu güzəşt həyata keçirilsə, düşünürəm ki, müxtəlif yerlərdən aqrar sahədə ixtisaslaşmaq üçün universitetə üz tutanlar da çoxalacaq".  


Sizin Reklam Yeriniz