Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) 1992-2013-cü illər üzrə ali məktəblərə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili aparılıb. TQDK-dan Movqe.az-a verilən xəbərə görə, 1992-2013-cü illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2,15 dəfə, abituriyent ərizələrinin sayı isə 2,50 dəfə artıb. Əgər 1992-ci ildə 16 961 plan yerinə 40 316 ərizə verilibsə, 2013-cü ildə 36 537 plan yerinə 100 683 ərizə verilib. Təhlil göstərir ki, illər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunası abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox isə 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb.