Əlaqə Arxiv
news Image
2014.01.24
15:09
| A A A
Bayıl 20-ci yaşayış sahəsi öz görkəmini daha da dəyişəcək

"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq  2012-ci ilin sonunda yaradılmış olan Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi paytaxtın mərkəzi rayonunun Bayıl-20-ci yaşayış sahəsi ərazilərini əhatə edir və burada 51 min nəfər sakin yaşayır. Yeni yaranmasına baxmayaraq ötən ildə nümayəndəlik tam şəkildə fəaliyyət göstərmiş, üzərilərinə düşən vəzifələri öhdəsinən gəliblər. 

Bayıl yaşayış sahəsində yerləşən "Riviera" mehmanxanasında Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib. 

Toplantıda 2013-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində  həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr   müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncağı açıq elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verərək qeyd edib ki, bu proqramma 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri salınmışdır. Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən  nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır  və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək. 

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq təşkilati işlər aparılmış, Bayıl yaşayış sahəsində nümayəndəlik üçün xüsusi yer ayrılmış, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuşdur.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı  ilə  bu ərazidə Bakıda Su İdmanı Sarayının təməlqoyma,  Milli mətbuat günü münasibəti ilə Əhəd Yaqubov küçəsində jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması və inşa ediləcək növbəti binanın təməlqoyma mərasimləri keçirilmiş, oktyabrın 19-da ölkə başçısı yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmməsi ilə bağlı   Dövlət Bayrağı Meydanını ziyarət etmişdir.

Ötən il "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq  Arif İsmayılov küçəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiyası tikilərək şəbəkəyə qoşulmuş, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunmuş, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və  20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir olunmuş, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası yaradılmışdır.

20-ci sahə ərazisində 35 kilovoltluq yeni yarımstansiyanın, Səbail rayon Pokurorluğunun 3 mərtəbəli inzibati binasının,  Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir, "Turac" uşaq bağçasında möhkəmləndirmə-yenidənqurma işləri başa çatmaq üzrədir.

Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir. Bu  işlər çərçivəsində   ərazidə yerləşən fərdi yaşayış evləri və digər tikililərin sakinlərə müvafiq kompensasiyaların ödənilməsi şərti ilə köçürülməsi işləri aparılmış, buradakı yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq təzminat ödənilərək köçürülməsi və ərazisnin təmizlənməsi təmin olunmuşdur.

Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçidin inşası, yolun mərkəz hissəsinin qurulması və burada yaşıllıqların salınması işləri aparılır. Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78 saylı binaların üzlənməsi başa çatmaq üzrədir.

Oktyabr ayının 9-da keçirilən Azərbaycan Respublikası Prezidentinin seçikləri ilə bağlı  ərazidə 15 seçki məntəqəsinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Seçicilərin 72 % -i səsvermədə iştirak etmiş, onların 84,9 %-i öz səslərini İlham Heydər oğlu Əliyevə vermişlər.

Ötən il nümayəndəlik tərəfindən ilk növbədə ev təsərrüfatları uçotu kitabları tərtib olunmuş, bu sahədə aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır.

Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılmış, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilmişdir.

Toplantıda  sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.  

Sizin Reklam Yeriniz