Milli Məclisdən narazı jurnalistlərə çağırış
Milli Məclisə təhlükəsizlik tədbirləri baxımından android və
smartfon tipli telefonlara, eləcə də noutbukla daxil olmağa
məhdudiyyət qoyulub. Bu qadağanın parlamentin fəaliyyətini
işıqlandıran jurnalistlərə də şamil edilməsi media nümayəndələri
arasında narazılıq yaradıb. Modern.az saytı xəbər verir ki, bu gün
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı
jurnalistlərin qaldırdığı məsələ ilə bağlı Milli Məclisin mətbuat
xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə görüşüb və məsələ ilə
bağlı müzakirələr aparılıb. Müzakirələrdən sonra ortaq nəticəyə
gəlinib və jurnalistlər üçün xəbərin ötürülməsinə şərait
yaradılacağı bildirilib. Milli Məclisin mətbuat xidmətinin rəhbəri
Akif Təvəkküloğlu bildirib ki, artıq məsələ rəhbərliklə
razılaşdırılıb. Onun sözlərinə görə, jurnalistlərə Milli Məclisin
fəaliyyətini işıqlandırmaq və informasiyanın operativ ötürülməsinə
hər cür şərait yaradılacaq: "Milli Məclis həm jurnalistlər, həm də
cəmiyyət üçün açıq bir qurumdur. Media nümayəndələri ilə çox yaxşı
əməkdaşlığımız var. Təbii ki, bundan sonra da bu əməkdaşlığımız
daha yüksək səviyyədə davam edəcək. Jurnalistlərin Milli Məclisdə
fəaliyyəti üçün rəhbərlik səviyyəsində həmişə yüksək şərait
yaradılıb və bundan sonra da davam edəcək. Parlamentin mətbuat
xidmətinin jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı
heç bir təşəbbüsü rəhbərlik tərəfindən diqqətdən kənarda qalmayıb.
Elə buna görə də bu gün jurnalistlərin iş şəraitinin
yaxşılaşdırılması, informasiyanın operativ ötürülməsi üçün şərait
yaradılmasına köməklik edilməsi məqsədilə rəhbərliyə müraciət
edilib. Yəni, artıq bu köməklik diqqət mərkəzindədir".Jurnalistlər
üçün məlumatın ötürülməsinə hər cür şərait yaradılacağını deyən
Akif Təvəkküloğlu artıq məsələnin rəhbərliklə razılaşdırıldığını da
bildirib: "Jurnalistlər üçün ayrılan otaqlarda kompüterlərin sayını
bir neçə dəfə artıracayıq. Məlumatların ötürülməsində heç bir
problem olmayacaq".