Əlaqə Arxiv
news Image
2014.01.31
10:49
| A A A
Vasif Talıbov nazirlərini sərt tənqid etdi (FOTO)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri konkret tapşırıqlar verib

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, muxtar respublikanın kənd təsərrüfatı naziri Elşad Əliyev və Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış ediblər. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, muxtar respublikanın Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, maliyyə naziri Xalid İsgəndərov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyev, Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, muxtar respublikanın təhsil naziri Piri Nağıyev, səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov müzakirə olunan məsələ ilə əlaqədar məlumat veriblər.




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: "2013-cü ildə sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Görülmüş işlər sübut edir ki, Heydər Əliyev yoluna, onun ideyalarına sədaqət sabitliyin və firavan həyatın təmin olunmasının başlıca meyarıdır. Lakin əldə edilənlər heç də son nəticələr deyildir. Bundan da yaxşı işləmək, bundan da yüksək nailiyyətlərə çatmaq məqsədilə müvafiq qurumlar öz fəaliyyətlərini dərindən təhlil etməli, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün səylərini daha da artırmalıdırlar".


Ali Məclisin Sədri ötən il işdə buraxılmış nöqsanlara toxunaraq demişdir: "Muxtar respublikada sənayeləşmənin həcmi ildən-ilə artır. Hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. Bu müəssisələrin daha çox muxtar respublikanın paytaxtında yaradılması rayonların sənaye potensialının inkişafına və məşğulluğun rayonlar üzrə səmərəli planlaşdırılmasına mənfi təsir göstərir. Yerlərdə məskunlaşma və məşğulluq səviyyəsinin yüksəldilməsinə mühüm təsir göstərən amil kimi tarixən formalaşmış təsərrüfatçılıq ənənələrinə əsaslanan sahibkarlıq subyektlərinin yaradılmasına lazımi diqqət yetirilmir. Digər tərəfdən, perspektiv imkanların düzgün qiymətləndirilməməsi, yaxud istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin müvafiq standartlardan geri qalması həmin müəssisələrin bəzilərinin öz fəaliyyətlərini dayandırmasına, bir çox hallarda isə verilmiş kreditlərin vaxtında qaytarılmamasına səbəb olur. Bu isə bir daha göstərir ki, kreditlər verilərkən biznes-planların hazırlanmasında, təhlilində və qiymətləndirilməsində müəyyən səhvlərə yol verilir".


"İstehsal müəssisələri o vaxt inkişaf edib böyüyə bilər ki, onların istehsal etdikləri məhsulların satış həcmi və satış şəbəkələri də böyüsün", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, vəzifə təkcə daxili bazarın yox, həm də xarici bazarın tələbatlarının ödənilməsindən ibarətdir. Muxtar respublikada isə istehsal edilən bəzi məhsulların lazımi səviyyədə tanıdılmaması nəticəsində onların xarici bazarlara çıxarılmasında çətinliklər törədir. Muxtar respublikanın iqtisadi tərəqqisi əhali gəlirlərinin də həcminin artmasına imkan yaradır. Gəlirlərin inflyasiya təsirindən qorunması, bazarda nağd pul kütləsinin artmasının qarşısının alınması məqsədilə alğı-satqı əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm əhəmiyyət kəsb edir. Bu gün əhalinin əksər hissəsinin əməkhaqqı və pensiyalarını plastik kartlar vasitəsilə almasına baxmayaraq, hələ də ticarət müəssisələrində quraşdırılan POS-terminallardan istifadə qənaətbəxş deyildir. Yenə də nağd yolla hesablaşmalara üstünlük verilir ki, bu da nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı verilmiş tapşırıqların, eləcə də "Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı"nda qarşıya qoyulmuş vəzifələrin icrasına aidiyyəti orqanlar tərəfindən lazımi diqqət yetirilmədiyini göstərir.


Ali Məclisin Sədri demişdir: "Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən sosial və inzibati obyektlər tikilir, yollar çəkilir, körpülər salınır. Bir çox hallarda əlavə iş almaq xatirinə tikinti təşkilatları tələskənliyə yol verir, keyfiyyət amilinə yetərincə diqqət yetirmirlər. Bu səbəbdən istifadəyə verildikdən sonra tikililərdə təmirə ehtiyac yaranır. Bununla bağlı son vaxtlar muxtar respublikanın qəsəbə və kəndlərində aparılmış reydlər zamanı xeyli sayda faktlar aşkar olunmuşdur. Qeyd olunan nöqsanlar bir daha göstərir ki, tikintidə keyfiyyətə lazımi nəzarət yoxdur. Kənd təsərrüfatının potensialından tam şəkildə istifadə olunmur. Torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, əkin zamanı mütərəqqi üsulların tətbiqi, mövcud texnika parkından səmərəli istifadə sahəsində hələ də bir sıra nöqsanlar mövcuddur. Bütün bunlar isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Məhsuldarlığa mənfi təsir göstərən digər amil isə şoranlaşma və erroziyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter almaması, suvarma zamanı mütərəqqi metodlardan istifadənin zəif təşkil olunmasıdır".


Qeyd olunmuşdur ki, muxtar respublikanın şəhər və rayonlarında aparılan yoxlamalar yerlərdəki digər çatışmazlıqları da üzə çıxarmışdır. Xüsusilə, təmizliyə fikir verilməməsi, məişət tullantılarının selov və dərə keçidlərinə atılması, onların vaxtlı-vaxtında daşınmaması antisanitariya vəziyyətinin yaranmasına səbəb olur. Yerlərdə kommunal xidmətlərin keyfiyyətli təşkilinə lazımi nəzarət olunmur. Bir çox hallarda elektrik xətləri primitiv qaydada çəkilir ki, bu da qəza hallarının baş verməsinə və enerji itkisinə səbəb olur.


Ötən il təhsil sahəsində aparılan yoxlamalar göstərdi ki, bu sahədə nöqsanlar hələ də qalmaqdadır. Belə ki, dərslərin tədrisində əyani vəsaitlərdən istifadə səviyyəsi aşağıdır, bədən tərbiyəsi dərsləri lazımi səviyyədə təşkil edilmir, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi qənaətbəxş deyildir. Məktəblərdə hər 13 şagirdə 1 kompyuter düşməsinə baxmayaraq, onların kompyuterlərdən istifadə etmələri və internet şəbəkəsi üzərindən müəyyən dərslərin keçirilməsi təmin edilmir, məşğələ və dərnəklər bir sıra hallarda formal xarakter daşıyır, kompyuterlərin, açıq və qapalı idman qurğularının, hətta binaların saxlanılması səviyyəsi aşağıdır. Təhsil müəssisələrində məktəblilərin sağlamlığı üçün zərərli olan, həmçinin uyğunluq sertifikatı olmayan ərzaq məhsullarının satılması, bu məhsulların sanitar tələblərə cavab verməyən şəraitdə saxlanılması halları da mövcuddur. Ali və orta ixtisas təhsili məktəblərində müəllimlərin dərslərə hazırlıq səviyyəsinin aşağı olması, dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməməsi, dərslərdə əyaniliyin təmin olunmaması, təcrübi məşğələlərin formal xarakter daşıması kadr hazırlığına mənfi təsir göstərir.


Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin həcminin artmasına, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsinə baxmayaraq, bu sahədə də nöqsanlar mövcuddur. Aparılan yoxlamalar zamanı yerlərdə bir çox tibb müəssisələrinin qapısının bağlı olması və onların dərmanla təchizatında problemlər aşkar edilmişdir. Kadr çatışmazlığı, tibbi heyətin biliyinin zəif olması müasir avadanlıqlardan səmərəli istifadə əmsalını aşağı salır. Mədəniyyət müəssisələri də öz işini günün tələbləri səviyyəsində qura bilmirlər. Bir çox mədəni-maarif müəssisələrində iş intizamı aşağı səviyyədədir, əksər hallarda tədbirlər planı formal xarakter daşıyır, yaxud da onların icrasına lazımi nəzarət olunmur.


Ali Məclisin Sədri demişdir: "İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yenə də rast gəlinir. Sağlamlıq imkanları məhdud şəxslərin istedadlarının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyası, intellektual səviyyələrinin inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər həyata keçirilsə də, bunlar sistemli xarakter daşımamışdır. Sığorta fəaliyyətinin təşkili sahəsində müvafiq işlərin görülməsinə baxmayaraq, onun mahiyyəti və təbliği ilə əlaqədar izahat və reklam xarakterli tədbirlərin ardıcıllığı təmin olunmur. İcbari sığorta haqlarının, xüsusilə daşınmaz əmlakın icbari sığortası ilə bağlı haqların toplanmasında, sığorta ödənişlərinin həyata keçirilməsində problemlər mövcuddur. Sığorta olunanların hüquq və vəzifələri lazımi qaydada izah olunmur. Çox təəssüf ki, hələ də məcburi dövlət sosial sığorta haqlarından yayınma halları vardır. Bu isə onu deməyə əsas verir ki, həmin kateqoriyadan olan şəxslərin sosial sığorta və pensiya hüquqlarının qorunması məqsədilə aparılan təbliğat və maarifləndirmə işləri yetərli deyildir. İstər rayon mərkəzlərində, istərsə də qəsəbə və kəndlərdə əmək intizamı aşağı səviyyədədir. Bunu yoxlamalar zamanı bir çox işçilərin üzrsüz səbəbdən işdə olmaması, yaxud hərəkət jurnallarında müvafiq qeydlərin vaxtlı-vaxtında aparılmaması kimi faktların aşkarlanması da təsdiq edir. Yeni tikililərin saxlanma şəraiti qənaətbəxş deyil, bir çox hallarda buna lazımi diqqət göstərilmir".


Qeyd olunmuşdur ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və "Elektron hökumət"in formalaşması istiqamətində xeyli işlər görülmüşdür. Lakin dövlət orqanları, idarə və müəssisələr onlar üçün yaradılan imkanlardan düzgün istifadə etmir, elektron ünvanlarının işlək vəziyyətdə olmasını diqqətdə saxlamırlar. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik səviyyəsi də aşağıdır. Nəticədə isə muxtar respublika əhəmiyyətli internet saytlarında məlumatlar yenilənmir, elektron sənəd dövriyyəsi zəif təşkil olunur. Dövlət qulluğunun idarə olunması sahəsində də nöqsanlar qalmaqdadır. Əvvəllər də müvafiq tapşırıqlar verilməsinə baxmayaraq, dövlət orqanlarının kadr qurumları ilə iş zəifdir, dövlət qulluqçularının reyestri tam formalaşdırılmamış, test bankları zənginləşdirilməmişdir. Muxtar respublikanın kütləvi informasiya orqanları üçün yaradılan hərtərəfli şəraitə baxmayaraq, işdə müəyyən nöqsanlara yol verilir. Teleradio və qəzetlərdə materiallar hazırlanarkən faktlar ciddi araşdırılmır, qeyri-obyektiv yanaşma halları müşahidə olunur. Teleradiolarda bədii şuraların yaradılmasına baxmayaraq, onların fəaliyyəti hiss edilmir. "Şərq qapısı", şəhər və rayon qəzetlərində aktual mövzularda, publisistika janrında oxunaqlı yazılar azdır.


Ali Məclisin Sədri aid orqanlara konkret tapşırıqlar verərək demişdir: "Qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları işdə dönüş yaratmalı, 2014-cü ildə öz fəaliyyətlərini daha da gücləndirməlidirlər. Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələri üçün ayrılmış maliyyə vəsaitlərinin həcminin ildən-ilə artması nəzərə alınaraq Maliyyə Nazirliyi bu vəsaitlərdən təyinatına uyğun və səmərəli şəkildə istifadəyə nəzarəti gücləndirməli, alınan bütün növ mal-materialların keyfiyyətini və qiymətini diqqət mərkəzində saxlamalıdır. Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasına və açılmış bank hesablarının fəaliyyət göstərmələrinə nəzarəti artırmalıdırlar".

"Nağdsız ödənişlərin həcmi əhəmiyyətli şəkildə artırılmalıdır", -deyən Ali Məclisin Sədri tapşırmışdır ki, POS-terminallardan səmərəli istifadəni təmin etmək məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi fəaliyyətlərinin nəticəli olmasına çalışmalıdırlar. Xidmət və ticarət obyektlərinin böyük əksəriyyətində POS-terminalların quraşdırılması işi qısa müddətdə başa çatdırılmalı, əhalinin bu xidmətdən istifadə etməsi üçün müxtəlif həvəsləndirici təkliflər təqdim olunmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri də öz işçilərinin alğı-satqı əməliyyatları zamanı POS-terminallardan istifadəyə üstünlük vermələri ilə bağlı tədbirləri gücləndirməlidirlər. Dövlət Energetika Agentliyi, "Naxçıvanqaz" İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə elektrik enerjisi, qaz, rabitə və digər kommunal xidmət haqlarının poçt şöbələri və ya burada quraşdırılan POS-terminallar vasitəsilə ödənilməsi üçün müvafiq işləri qısa müddətdə başa çatdırmalıdırlar.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi qarşısında da konkret vəzifələr qoyulmuşdur. Nazirliyin yerli xammaldan istifadəyə əsaslanan və satış bazarı olan yeni istehsal müəssisələrinin yaradılmasını bundan sonra da diqqət mərkəzində saxlamalı, ixracyönümlü məhsul istehsalını artırmaq, keyfiyyətli məhsul istehsalını təmin etmək üçün müasir texnologiyaya malik təkliflərə daha çox üstünlük verməlidir. Həmçinin sənaye parklarının yaradılması istiqamətində işləri sürətləndirməli, sənaye müəssisələri yaradılarkən muxtar respublikanın bütün rayonlarının mövcud imkanları nəzərə alınmalıdır. Kəndlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən xalq tətbiqi sənətinin müxtəlif sahələrinin, yaxud yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığa Kömək Fondunun xətti ilə müxtəlif sahibkarlıq subyektlərinə kreditlər verilərkən tərtib olunmuş biznes-planlar ciddi təhlil olunmalı, ayrılmış maliyyə vəsaitlərindən səmərəli istifadəyə və onların vaxtında qaytarılmasına nəzarət gücləndirilməlidir. Daxili bazarda süni qiymət artımının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təsirliyi artırılmalıdır. İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə qiymət artımına yol verməmək, istehsal olunmuş məhsulların birbaşa istehsalçılar tərəfindən satışını təmin etmək məqsədilə yarmarkaların təşkilini 2014-cü ildə də davam etdirməlidir. Sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi və özəl sektorun inkişafını təmin etmək məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların çoxsahəli və səmərəli olması təmin edilməli, kreditlər verilərkən daha münasib faiz dərəcələrinin tətbiqi diqqət mərkəzində saxlanılmalıdır.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal olunmuş məhsulların keyfiyyətinin yoxlanılması, digər patentləşdirilmiş əmtəə nişanı adı altında bazarlara keyfiyyətsiz məhsul çıxarılmasının qarşısının alınması istiqamətində tədbirləri gücləndirməlidir. Yerli istehsalın qorunması, həmçinin istehlak bazarının keyfiyyətli məhsullarla təchiz olunması üçün Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarının mövsümə uyğun olaraq tənzimlənməsini bundan sonra da davam etdirməli, sərhəd buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üçün tədbirlərin müasir tələblər səviyyəsində təşkilini diqqət mərkəzində saxlamalı, gömrük ödənişlərinin bank, plastik kart və ya elektron qaydada ödənilməsini təmin etməlidir.


Ali Məclisin Sədri Kənd Təsərrüfatı Nazirliyinə də tapşırıqlar verərək deyib: "Nazirlik aidiyyəti qurumlarla birgə kənd təsərrüfatında intensiv əkin və suvarma metodlarının tətbiqinə nail olmalı, yerlərdə sahibkarlarla görüşlər keçirməlidir. Torpağın münbitliyini artırmaq və yüksək məhsuldarlıq əldə etmək məqsədilə əkin zamanı torpaq altına qidalandırıcı gübrələrin verilməsi təmin olunmalı, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lazımi gübrə ehtiyatı yaradılmalıdır. Bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsini təşkil etməlidir. Nazirlik əkinçilikdə məhsuldarlığı artırmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi ilə birlikdə yeni məhsuldar sortların sınaqdan keçirilməsinə və rayonlaşdırılmasına xüsusi diqqət yetirməlidir. Əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olan ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Əhalinin ilboyu mövsümi meyvə-tərəvəz məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə mövsüm ərzində tələbatdan artıq məhsulun anbarlar tərəfindən alınması üçün öz səylərini artırmalıdır. Eyni zamanda, istixana komplekslərinin fəaliyyətinin genişləndirilməsi üçün də müvafiq tədbirlər görülməlidir".


Müşavirədə tapşırılmışdır ki, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi torpaqların şoranlaşmasının qarşısının alınması məqsədilə meliorativ tədbirləri davam etdirsin və yerli icra hakimiyyəti orqanları ilə birlikdə suvarma suyundan səmərəli istifadəni daim nəzarətdə saxlasın. Yeraltı su mənbələri olan kəhrizlərin bərpası, suvarma sistemlərinin təkmilləşdirilməsi davam etdirilməlidir. Əhalinin keyfiyyətli qida məhsullarına olan tələbatının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadi İnkişaf Nazirliyi, Dövlət Baytarlıq Xidməti və "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə cins heyvandarlıq komplekslərinin yaradılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirməlidir. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları profilaktiki tədbirləri gücləndirməli, heyvanlar arasında xəstəliklərin qarşısının alınması, onların cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməlidir.


"Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika ilə təchizatındakı problemləri aradan qaldırmaq məqsədilə bütün rayon mərkəzlərində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin filialları yaradılmışdır. Hər il bu cəmiyyətin xətti ilə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları gətirilərək lizinq yolu ilə satışı həyata keçirilir", - deyən Ali Məclisin Sədri qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq qurumlarla birlikdə lizinqə verilmiş və ya qrant hesabına alınaraq satışı həyata keçirilən kənd təsərrüfatı texnikalarının imkanlarından səmərəli istifadəni və onların dəyərinin vaxtında ödənilməsini təmin etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı üçün yararsız torpaq sahələrində meşə və qoruyucu meşə zolaqlarının salınmasını davam etdirməli, mövcud meşə fondunun qorunması və bərpası ilə bağlı tədbirləri daha da gücləndirməlidir.


Ali Məclisin Sədri demişdir: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrılan maliyyə vəsaitindən səmərəli istifadəni təmin etməli, tikinti-abadlıq işləri keyfiyyətlə aparılmalıdır. Tikinti təşkilatlarının, xüsusilə su, kanalizasiya, yol, elektrik, qaz və rabitə xətlərinin çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin edilməli, inşaat işlərinin yerinə yetirilməsində yerli istehsal məhsullarına üstünlük verilməli, tikinti və dizayn işlərində milli ornamentlər daha geniş miqyasda tətbiq olunmalıdır".


Müşavirədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat Nazirliyi, Dövlət Energetika Agentliyi, "Naxçıvanqaz" İstehsalat Birliyi və Dövlət Baş Sığorta Agentliyinə də konkret tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin, rəqəmsal televiziya yayımının, eləcə də simsiz internetin əhatə dairəsinin genişləndirilməsi və aidiyyəti təşkilatlarla birlikdə elektron hökumətin yaradılması istiqamətində fəaliyyətini daha da artırmalı, "Naxtel" telefon şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və yeni xidmətlərin göstərilməsi məqsədilə texnoloji avadanlıqların quraşdırılmasını başa çatdırmalıdır. Nəqliyyat Nazirliyi bütün nəqliyyat növləri üzrə xidmətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır. Dövlət Energetika Agentliyi və "Naxçıvanqaz" İstehsalat Birliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə yeni tikilmiş mənzillərə elektrik və qaz xətlərinin çəkilişini operativ həll etməli, enerji daşıyıcılarından qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərini gücləndirməli, elektrik və qaz xətlərinin dayanıqlığının təmin edilməsi istiqamətində işləri davam etdirməli, Naxçıvan şəhərində "Smartkart" tipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılmalıdır. Dövlət Baş Sığorta Agentliyi sığorta fəaliyyətinin canlandırılması, əhalinin sığortaya olan etibarının artırılması üçün təsirli tədbirlər görməlidir.


Təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulayan Ali Məclisin Sədri demişdir ki, Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, dərslərin tədrisində əyaniliyi təmin etməlidir. İnformasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təmin etmək məqsədilə müəllimlərlə sistemli iş aparılmalı, onların hazırlıq səviyyəsinin artırılması nəzarətə götürülməli, sanitariya-gigiyena normalarına əməl olunmasına nəzarət artırılmalıdır. Ali təhsil müəssisələri müəllim və tələbə mübadiləsi, digər ölkələrdən müəllimlərin dəvət olunması və ya distant təhsilin təşkili istiqamətində fəaliyyəti gücləndirməli, ixtisaslı kadr hazırlığına və müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına nail olmalıdırlar. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi 2014-cü ildə "Naxçıvan tarixi" çoxcildliyinin ikinci cildinin nəşrini təmin etməli, aparılan elmi tədqiqatların səmərəliliyinə və onların istehsalatda tətbiqinə diqqəti artırmalıdır.


Ali Məclisin Sədri qeyd etmişdir ki, Səhiyyə Nazirliyi müasir avadanlıqlardan səmərəli istifadəni təmin etmək məqsədilə tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsini davam etdirməlidir. İctimai-iaşə obyektlərində və satış mərkəzlərində sanitar-gigiyena qaydalarına əməl olunmalı, kənd və qəsəbələrdəki tibb məntəqələrinin dərman preparatları ilə vaxtlı-vaxtında təchiz olunması diqqət mərkəzində saxlanılmalıdır.

Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdır ki, tabeliyində olan müəssisə və təşkilatlarda əmək intizamını gücləndirsin, mədəniyyət müəssisələrinin, klub və kitabxanaların fəaliyyətində ciddi dönüş yaratsın. Kitabxana işi günün tələbləri səviyyəsində təşkil olunmalı, kitabxanalarda mövcud kitabların elektron kataloqlarının yaradılması davam etdirilməli, muxtar respublikanın turizm potensialından səmərəli istifadə istiqamətində əməli tədbirlər görülməlidir. Muzeylərdə mövcud eksponatların inventarizasiyası aparılmalı, eksponatlar barədə məlumatların Azərbaycan dili ilə yanaşı xarici dillərdə də yazılması təmin olunmalıdır.


Gənclər və İdman Nazirliyi üçün də konkret vəzifələr müəyyənləşdirilmiş və qeyd olunmuşdur ki, nazirlik 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında muxtar respublika idmançılarının iştirakı üçün ciddi hazırlıq işləri görməli, idman qurğu və obyektlərindən, eyni zamanda olimpiya idman komplekslərindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına diqqəti artırmalı, idmanın kütləviliyini təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımının təyinatında, əlillik dərəcələrinin verilməsində qanunvericiliyin tələblərini təmin etməli, sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və reabilitasiyası, eləcə də onların cəmiyyətə inteqrasiyası sahəsində müvafiq tədbirlər görməlidir. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl edilməsinə nəzarət artırılmalı, peşə hazırlığı əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılmalı, işaxtaranların, xüsusən də sosial müdafiəyə ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində fəaliyyət gücləndirilməlidir. 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və əhali məşğulluğunun artırılması üzrə dövlət proqramlarında nəzərdə tutulan tapşırıqların icrası vaxtında başa çatdırılmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən tədbirlər görməlidir. Ailə, qadın və uşaqlarla bağlı məlumat bazasının yaradılması və ailə institutunun möhkəmləndirilməsi, qadınların sağlamlığının qorunması istiqamətində maarifləndirici tədbirləri davam etdirilməlidir. Dövlət Sosial Müdafiə Fondu sığortaolunanların sığorta stajlarının fərdi şəxsi hesablarına işlənilməsini təmin etməli, məcburi dövlət sosial sığorta haqlarından yayınma hallarının aradan qaldırılması, sığorta haqlarının "onlayn ödəmə" sistemi vasitəsilə ödənilməsi sahəsində təbliğat və maarifləndirmə işlərini gücləndirməlidir.


Müşavirədə qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyi qeydiyyat və notariat əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılmasına diqqəti daha da artırmalı, bələdiyyələrlə işi və onlara metodiki köməklik göstərilməsini nəzarətdə saxlamalıdır. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının məlumat bazasının yaradılmasını başa çatdırmalı, dövlət orqanlarının kadr qurumları ilə maarifləndirici seminarların keçirilməsini və dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsini təmin etməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın hüquq-mühafizə orqanları üçün konkret vəzifələr müəyyənləşdirərək demişdir: "Fövqəladə Hallar Nazirliyi mövsümə uyğun olaraq yanğın təhlükəsizliyi tədbirlərini davam etdirməli, yüksək təhlükə potensiallı obyektlərə dövri olaraq nəzarət edilməlidir. Hüquq mühafizə orqanları maarifləndirmə, profilaktika tədbirlərini davam etdirməli, nizam-intizamı daha da möhkəmləndirməli, cəmiyyətdəki müxtəlif sosial qruplarla - sahibkarlar, dövlət qulluqçuları, qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüşlər keçirərək onlara hüquq və vəzifələrini izah etməlidirlər".


Ali Məclisin Sədri bildirmişdir ki, kütləvi informasiya orqanları qədim diyarımızın ictimai-siyasi həyatında baş verən köklü dəyişikliklərin, irimiqyaslı quruculuq tədbirlərinin salnaməçisinə çevrilməli, jurnalistlər gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirməli, teleradiolarda ədəbi dil normaları qorunmalıdır. Yerli icra hakimiyyəti orqanları əkinə yararlı torpaq sahələrindən səmərəli istifadəni diqqət mərkəzində saxlamalı, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması üçün istehsalçılara müvafiq şəraitin yaradılmasını təmin etməlidirlər. Həmçinin yerlərdə abadlıq işlərinin keyfiyyətlə aparılmasına, salınmış yaşıllıqların mühafizəsinə, tullantıların vaxtlı-vaxtında daşınmasına, istifadəyə verilmiş sosial və inzibati obyektlərin normal fəaliyyəti ilə yanaşı, onların qorunmasına da xüsusi diqqət yetirilməli, müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməlidir.


Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq demişdir: "2014-cü ildə muxtar respublikanın yaradılmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 14-də "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam vermişdir. Sərəncamın icrasını təmin etmək və yubileyə öz layiqli töhfəsini vermək üçün bütün müəssisə və təşkilatlar səylərini səfərbər edərək daha səylə çalışmalı, daha yaxşı nəticələrin əldə olunmasına nail olmalıdırlar".


Ali Məclisin Sədri bu vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.


Sizin Reklam Yeriniz