Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İçərişəhərdəki
Aşurbəy məscidində və Müşviqabad qəsəbə məscidində fəaliyyət
göstərən icmalarla bağlı məlumat yayıb. İdarənin mətbuat
xidmətindən Movqe.az-a daxil olan məlumatda bildirilir ki, son
günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşviqabad qəsəbə
məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi
tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din
xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya
vasitələrində müxtəlif fikirlərə rast gəlinir. Bununla bağlı QMİ
bildirir ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində
deyil. Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından
keçməyiblər və adı çəkilən məscidlərə QMİ tərəfindən din
xadimlərinin təyinatı da həyata keçirilməyib. "Əlavə edək ki,
Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni
əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü
buraxmağa məcbur olub. Deyilən səbəblərə görə, Aşurbəy və
Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil,
buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin
edilməyib. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi
təqdim edənləri QMİ tanımır", - deyə məlumatda
bildirilir.