Qaradağ-Sumqayıt magistral qaz kəmərində bu gecə baş
verən qəza Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin qazla
təminatında ciddi problemlər yaradıb. Gecə saatlarında, təxminən
mənfi 4 dərəcə temperaturda insanlar qazsız qalıblar. Abşeron
rayonunun Qızıldaş, Korgöz, Şanqar və Qobu qəsəbələrinin qaz
təminatı tam dayanıb. "Azəriqaz" Qapalı
Səhmdar Cəmiyyəti Abşeron rayonundakı qəsəbələrin qaz təminatını
alternativ kəmərlər hesabına yalnız səhərə yaxın bərpa edə
bilib. Hazırda Qaradağ-Sumqayıt magistral qaz
kəmərində təmir işləri davam edir. Amma onların nə vaxt başa
çatacağı hələ bilinmir. Qaz verilməsi bərpa edilən ərazilərdə bir
sıra mənzillərə mavi yanacağın çatdırılmasında çətinliklər hələ də
qalmaqdadır. Səbəb smart-kart tipli sayğacların qazın verilməsi
qəfil dayandırıldıqdan sonra işləməməsidir. Soyuq hava şəraitinin
hökm sürdüyü günlərdə əhali qızınmaq üçün elektrik cihazlarından
daha aktiv istifadə etməyə başlayıb və bu da son nəticədə elektrik
şəbəkəsində gərginliyin artmasına və açılmaların meydana çıxmasına
səbəb olub. Faktiki isə Bakıətrafı qəsəbələrin elektrik
enerjisi və qazla təminatında yaranan problemlər bir çox ailələri
dədə-baba qaydası ilə odun sobaları vasitəsilə qızınmaq
məcburiyyətində qoyub. Hövsan qəsəbəsində əməkdaşlarımız binanın
qabağında tonqal qalarayaraq su qaynadan sakinləri, yanacaq
doldurma məntəqələrində maye qaz doldurmaq üçün növbəyə duran
insanları müşahidə ediblər. "Bakıelektrikşəbəkə"dən ANS-ə
bildiriblər ki, bir qədər əvvəl Hövsan qəsəbəsinə elektrik
enerjisinin verilməsi artıq bərpa edilib. "Azəriqaz" Qapalı
Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə
ANS-ə paytaxtın və Bakıətrafı qəsəbələrin qaza tələbatının
ödənilməsi üçün kifayət qədər mavi yanacağın olduğunu, ara-sıra
meydana çıxan texniki problemlərin isə aradan qaldırıldığını
bildirdi.