Əlaqə Arxiv
news Image
2014.02.03
12:20
| A A A
Səyyar “ASAN xidmət” fəaliyyətə başlayır

Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayır. "ASAN xidmət" Mərkəzindən Movqe.az-a verilən xəbərə əsasən, səyyar xidmətlər dedikdə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş etməklə iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər. Pilot layihə çərçivəsində səyyar "ASAN xidmət" Bakı şəhərinin Nərimanov rayonunu əhatə edəcək. Səyyar "ASAN xidmət" çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqələrinin,  ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi xidmətlər göstəriləcək. Əhali bu xidmətdən bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dək yararlana biləcək. Xidmətin sifarişi 108 nömrəli "Çağrı" mərkəzi vasitəsi ilə həyata keçirilir. Səyyar xidmət haqqına gəlincə, ikitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 90 AZN, birtərəfli xidmət (hazır sənədin çatdırılması) - 50 AZN, nigahın qeydə alınması və təntənəli nigahın kəsilməsi - 150 AZN, təntənəli nigahın kəsilməsi - 100 AZN təşkil edir. Qeyd edilib ki, yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqları daxil deyil. Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir. 


Sizin Reklam Yeriniz