Əlaqə Arxiv
news Image
2014.02.03
17:56
| A A A
Jan-Klod Minyon: “Avropa Şurasının rəhbərliyində güclü siyasi şəxsiyyətə ehtiyac var” - MÜSAHİBƏ

Avropa Şurası Parlament Assambleyasının sabiq sədri, Avropa Şurasının baş katibi postuna namizəd, fransalı millət vəkili Jan-Klod MinyonunAPA-ya müsahibəsi

 

- Cənab Minyon, AŞPA-nın sədri qismində keçirdiyiniz sonuncu mətbuat konfransında Avropa Şurası baş katibi vəzifəsinə rəsmən namizəd olduğunuzu açıqladınız. Siz bu vəzifəyə hansı əsas ideyalarla gəlirsiniz və fəaliyyətinizi hansı istiqamətlərdə qurmağa çalışacaqsınız?

 

- Mənim bu posta namizədliyim 1993-cü ildən bu təşkilatda apardığım fəaliyyətin bir növ davamı kimi olacaq. Bildiyiniz kimi, bu fəaliyyətim ərzində iki il AŞPA sədri vəzifəsində çalışdım və bu da mənim siyasi karyeram üçün çox böyük bir təcrübə oldu. Bu vəzifədə mən dünyanın bir çox ölkələrində rəsmi səfərlərdə oldum, prezidentlərlə, krallarla, hökumət rəhbərləri ilə görüşlər keçirdim və böyük bir təcrübə qazandım. İndi istəyim odur ki, qazandığım biliklər və təcrübə təşkilatımız üçün faydalı olsun. Baş katib vəzifəsinə namizədliyimi irəli sürməkdə əsas məqsədlərimdən biri də odur ki, bu vəzifədə təşəbbüskarı olduğum siyasi islahatları davam etdirə bilim. AŞPA-da sədrliyim zamanı bir neçə əsas hesabatın qəbuluna nail olduq və bu hesabatlarda təşkilatımızın əsas istiqamətlərini müəyyən edən siyasi islahatlar əks olunub. Eyni zamanda, biz təşkilat daxilində gedən islahatları davam etdirməli, Şimal Ölkələri Şurası, Müstəqil Dövlətlər Birliyi kimi digər regional təşkilatlarla əlaqələrimizi daha da genişləndirməliyik. Məsələn, mənim sədrliyim dövründə ilk dəfə idi ki, AŞPA sədri MDB-nin Parlamentlərarası Şurasında çıxış etməyə dəvət olunmuşdu. Bundan başqa, Qara dəniz, Baltik dənizi ölkələri, Aralıq dənizi ölkələrinin birlikləri və digər beynəlxalq təşkilatlarla da əlaqələrimizi gücləndirməliyik. Mənim arzum budur ki, AŞ qitənin dörd tərəfi ilə güclü münasibətlər qursun. Şərqi Avropa ölkələri ilə Qərbi Avropa ölkələri arasında dialoq daha geniş şəkildə aparılmalıdır. Qonşuluq siyasətimizi də uğurla davam etdirməliyik. Bundan başqa, AŞPA daxilində də müəyyən islahatların aparılmasına ehtiyac var. Qurumun Monitorinq Komitəsində problemin həlli olduqca əhəmiyyətli bir məsələdir. Hesab edirəm ki, monitorinq aparılması davam etdirilməlidir və bu, AŞPA-nın vacib missiyalarından biridir. Hətta deyərdim ki, bu struktur AŞ-nin ən əhəmiyyətli missiyasıdır. Amma fikrimcə, monitorinq proseduru fərqli formada aparılmalıdır. Bu gün AŞPA-da monitorinq prosesi altında olan ölkələrlə, post-monitorinq ölkələri arasında çat əmələ gəlib və bu problemin yaratdığı fəsadları azaltmağa ehtiyac var. Mən bu iki ildə problemin çox ciddi olduğunu hiss etdim. Hesab edirəm ki, biz hamımız fərqli olsaq da, eyni zamanda hamımız eyniyik və monitorinq proseduru bütün üzv ölkələrin vəziyyətinə uyğunlaşmalıdır. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qarşılaşdığı problemlərə yenidən baxmalıyıq. Avropa Birliyi Avropa İnsan Haqları Konvensiyasına qoşulduqdan sonra məhkəmənin fəaliyyəti bu yeni yaranacaq situasiyaya da uyğunlaşmalıdır. AŞ-nin qurumları arasındakı münasibətlərin bugünkü kimi yalnız piramida şəklində deyil, horizontal qaydada olmasına çalışmalıyıq ki, qurumun hər bir orqanı arasındakı işlər daha düzgün koordinəli şəkildə aparılsın və hər orqan öz həqiqi yerini tapsın. Elə etməliyik ki, AŞ bu gün dünyada daha yaxşı eşidilə bilsin, öz mövqeyini daha səmərəli ifadə edə bilsin. Təəssüf ki, bu gün vəziyyət belə deyil və bu istiqamətdə çalışmaq lazımdır. Təşkilat xaricdə fikrini ifadə etdikdə bir çox məsələlər, mövzularla bağlı münasibəti lazımi qədər duyulmur. Bu, çox əhəmiyyətli məsələlərdir və çox təəssüf ki, biz çox vaxt AŞ-nin səsini eşitmirik. Hesab edirəm ki, bu təşkilatın rəhbərliyində mənim yuxarıda müəyyən etdiyim meyarlara cavab verə biləcək güclü siyasi şəxsiyyətə ehtiyac var. AŞPA-dakı iki illik təcrübəmdən sonra mən bu məsuliyyəti öz üzərimə götürə biləcəyimi düşünürəm.

 

- Bildiyiniz kimi, bəzi üzv ölkələr arasında "dondurulmuş münaqişələr" adlandırdığımız və bu təşkilat üçün ən böyük problemə çevrilmiş bir neçə münaqişə mövcuddur. Konkret Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminə toxunmaq istərdim. AŞPA-da sədr olduğunuz vaxtda bu ölkələrin nümayəndə heyətləri arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə parlament diplomatiyasından istifadə edərək, iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri arasında daim görüşlər təşkil edirdiniz. Baş katib seçildiyiniz təqdirdə bu istiqamətdəki təşəbbüsünüzü davam etdirəcəksinizmi? Ümumiyyətlə, AŞ bu münaqişənin həlli istiqamətində daha hansı işləri görə bilər?
 

 

- Doğrudan da düşünürəm ki, assambleya daxilindəki parlament diplomatiyası da bizim aramızdakı münasibətlər üçün olduqca faydalıdır və eyni zamanda üzv ölkələr arasındakı münaqişələrin də həllinə yardımçı ola bilər. Əlbəttə, bir şərtlə ki, bizim bu diplomatiyamız ölkələr arasındakı rəsmi diplomatiyanın nüfuzuna zərər vurmasın. Hesab edirəm ki, bu və ya digər məsələlərin irəliləməsi üçün rəsmi diplomatiyanın özünün də parlament diplomatiyasına ehtiyacı var və yaxud da əksinə. Bildiyiniz kimi, AŞPA-nın məndən öncəki sədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı assambleyanın xüsusi alt komitəsini yaratmışdılar. Mən isə bunu qəbul etmək istəmədim. Nəyə görə mən bu komitənin fəaliyyətinə qarşı çıxdım? Məndən öncəki sədr cənab Mövlud Çavuşoğlu ilə bu məsələdə razı olmasam da, onun bu təşəbbüsünə tam hörmətlə yanaşmışdım. Sadəcə, düşünürəm ki, digər strukturların fəaliyyətini təkrarlamağa ehtiyac yoxdur. Mən həmişə demişəm ki, digər beynəlxalq və regional təşkilatlarla işləri çox ağıllı formada qurmaq lazımdır. ATƏT olduqca əhəmiyyətli bir təşkilatdır, bizim əsas tərəfdaşlarımızdandır. ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş Minsk Qrupunu yaradıb. Məsələləri daha da qəlizləşdirə biləcək əlavə səylər ortaya qoymaqdansa, daha yaxşı olardı ki, biz ATƏT-lə, onun Minsk Qrupu ilə birgə işləyə və əməkdaşlıq edə bilək. Mən iki illik fəaliyyətimdə yalnız bu çərçivədə fəaliyyətə üstünlük vermişəm və hesab edirəm ki, bu, hamı tərəfindən də yaxşı qarşılanmışdı. Bildiyiniz kimi, Ukrayna ATƏT-ə rəhbərlik edirdi və çox uğurla bunu yerinə yetirdi. İndi bu vəzifəni İsveçrə yerinə yetirir, ondan sonra isə Serbiya gəlir. Mən qətiyyətlə əminəm ki, ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi əsas altı Madrid prinsipləri hər iki tərəfin qəbul edə biləcəyi prinsiplərdir. Məmnunluq hissi ilə onu da qeyd etmək istərdim ki, mən Azərbaycana rəsmi səfər zamanı ölkə başçısı İlham Əliyevlə, xarici işlər naziri ilə görüşdüm. Xarici işlər naziri ilə görüşümdə o mənə Azərbaycan tərəfinin altı Madrid prinsipini qəbul etməyə tamamilə razı olduğunu söylədi və mən buna çox sevindim. Mən də öz növbəmdə Minsk Qrupunun həmsədrləri ilə görüşümdə onların belə vəziyyətdən yararlanmalarını arzulayırdım. Hesab edirəm ki, 2014-cü ildə baş verəcək hadisələr olduqca vacibdir. Çünki ilk növbədə, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Bu əsas altı prinsipi yenidən canlandırmaq üçün indi olduqca yaxşı imkanlar açılıb. Düşünürəm ki, təşkilat daxilində biz müsbət və konstruktiv yanaşmadan çıxış etməliyik. Mən bunu hər dəfə xarici səfərlərimdə demişəm. Mən heç vaxt xarici səfərlərimdə heç kimə dərs keçmək istəməmişəm. Mən özüm də fransız olaraq qəbul edə bilmərəm ki, kimsə xaricdən gəlib bizə Fransada nələr edəcəyimiz barədə dərs keçsin. Fikrimcə, biz öz tariximizə, mədəniyyətlərimizə, adət-ənənələrimizə, eyni zamanda, siyasi fəaliyyətlə məşğul olan bütün 47 üzv ölkə nümayəndələrinin fikirlərinə hörmətlə yanaşmalıyıq. Bizim təşkilat olaraq missiyamız ondan ibarətdir ki, hər bir üzv ölkədə demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə tam düzgünlüklə riayət olunsun. Biz ölkələrdə seçkiləri izləyirik və müşahidə missiyalarına istinadən hesabatlar hazırlayırıq. AŞPA və ümumilikdə AŞ bu və ya digər ölkədə seçkilərin normal keçirilməsini tanıyırsa, bu sahədə başlıca hansı problemlərin mövcud olduğuna dair öz qeydlərini aparırsa, hesab edirəm biz ardıcıl olmalı və heç bir qeyri-müəyyənlik olmadan, ölkələrində keçirilmiş seçkilərdən sonra legitimliyi olanlarla işlərimizi davam etdirməliyik. Fikrimcə, bu, olduqca vacib bir məsələdir. Biz dərs verməli deyil, daha çox yardım göstərməli, öz təcrübəmizi bölüşməliyik. AŞ-nın Venesiya Komissiyası və digər qurumlarının bir çox sahələrdə böyük ekspertiza təcrübəsi var və bundan da maksimum şəkildə yararlanmaq lazımdır. Bilirsiniz ki, bu təşkilat demokratiya evidir, burada biz qarşılıqlı hörmət və tolerant olmağı öyrənirik. Biz burada hamımızın ümumi ideyası olan layihəmizi - böyük Avropa evinin layihəsini qururuq.


Sizin Reklam Yeriniz