Əlaqə Arxiv
news Image
2014.02.03
19:32
| A A A
Ermənistandan sığınacaq istəyən azərbaycanlıyla bağlı- Maraqlı faktlar
Bu günlərdə öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana müraciət edən Cavid Orucovla bağlı maraqlı faktlar məlum olub. APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, C. Orucov 1976-cı ildə Bakı şəhərində anadan olub və bu günə kimi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, mənzil 5 ünvanına qeydiyyatdadır. C. Orucovun həyat yoldaşı Mirzəyeva (Əliyeva) Röya Rauf qızı da 1983-cü ildə Bakı şəhərində doğulub. Araşdırmalarımız zamanı həmçinin müəyyən edilib ki, C. Orucovun atası 1945-ci ildə Şuşa şəhərində anadan olub, orta məktəblərdə müəllim işləyib və 2008-ci ildə vəfat edib. Anası Orucova Mirvari Əsədulla qızı 1947-ci ildə Bakı şəhərində anadan olub, hazırda paytaxtda yaşayır və 11 saylı İnternat Məktəbində müdir müavini işləyir. C. Orucovun qardaşı Ceyhun Orucov isə İTV-də texnik vəzifəsində çalışır. Onun ailə-məişət zəminində qardaşı ilə gərgin münasibətlərinin olduğu bildirilir. Apardığımız araşdırmalar zamanı məlum olub ki, C. Orucovun ailə üzvləri ilə birgə Ermənistana səfər etmələrinin məqsədi Azərbaycan vətəndaşlığından imtina edərək Ermənistan vasitəsilə üçüncü ölkədə sığınacaq almaq istəyidir. Ermənistan mətbuatının yaydığı məlumata əsasən, guya C. Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışıqlığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilərək maraqları üçün istifadəyə məcbur edilib. Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 30 minədək erməni əsilli vətəndaş yaşayır. Lakin onların milli mənsubiyyətlərinə görə incidilməsi və ya nəyəsə məcbur edilməsi ilə bağlı bu günədək hər hansı fakt yoxdur.

C. Orucovun anası Mirvari Orucova APA-ya açıqlamasında bildirib ki, oğlu Cavid 2008-ci ildə onun məsləhəti ilə Bakı sakini Aida Tağızadə ilə ailə həyatı qurub, lakin təqribən 1 il sonra onlar ailə məişət münaqişəsi səbəbindən boşanıblar. A. Tağızadənin bu nikahdan əvvəl ailəli olduğu da məlum olub: "Bundan sonra Cavid 2009-cu ildə sosial şəbəkə vasitəsilə tanış olduğu Bakı şəhər sakini Röya Mirzəyeva ilə ailə qurub və həmin nikahdan onların 3 övladı olub. Röya Mirzəyeva da əvvəllər ailəli olub və Mirzəyeva soyadı da həmin nikahdan qalıb".

 M. Orucova həmçinin qeyd edib ki, R. Mirzəyevanın atası əslən Şuşa rayonundan olan bəstəkar Rauf Əliyev, anası Əliyeva Alia Davudovnadır: "Cavidin qayınanası Alia Əliyevanın atası Davud Mirzoyan isə əslən Qarabağ bölgəsindəndir, milliyyətcə ermənidir və vəfat edib. Anası isə əslən Polşadan olan yəhudidir".

M. Orucovanın sözlərinə görə, oğlu Cavid əvvəllər 3 ay özəl mühafizə xidmətində işləyib, sonra isə konkret heç bir işlə məşğul olmayıb. Anası qeyd edib ki, oğlu daim xarici ölkələrdə yaşamaq arzusunda olub. C. Orucovun 2001 və 2003-cü illərdə Rusiyada yaşadığını deyən ana oğlunun qısa müddətdən sonra geri qayıtdığını bildirib: "O, 2010-cu ildə həyat yoldaşı və 1 övladı ilə birgə yenidən Rusiyaya getdi, oradan isə daimi yaşamaq üçün Norveçə üz tutdu. Lakin 2013-cü ilin sentyabr ayında yenidən Azərbaycana qayıtdı. O, Norveç dövləti tərəfindən daimi yaşamaq hüququ ala bilmədiyini, lakin orada işləmədən müavinət aldığını bildirirdi. Norveçdə onun daha 2 övladı dünyaya gəlmişdi və həmin uşaqlara öz vəkilinin şərəfinə Norman Broyn və Samuel Broyn adlarını qoymuşdu".

M. Orucova oğlu C.Orucovu tüfeyli həyat tərzinə meylli şəxs kimi xarakterizə edib, ona maddi cəhətdən daim köməklik göstərdiyini bildirib: "Oğluma Norveçə getməsini də tanışı məsləhət görüb. Cavid Norveçdən qayıtdıqdan bir müddət sonra xarici ölkələrdə yaşamaq məqsədilə Almaniya və İsrailin Azərbaycandakı səfirliklərinə müraciətlər etsə də, razılıq ala bilmədi".

M. Orucova ehtimal edir ki, oğluna həyat yoldaşının erməni qarışığı olması səbəbindən Ermənistana müraciət etməsi və bu yolla üçüncü ölkədə daimi yaşayış alması məsləhətini ya qeyd olunan səfirliklər, ya da Norveçdə yaşayan tanışları veriblər.

M. Orucova oğlunun ailəsi ilə birgə düşmən ölkəsinə keçməsini qəti şəkildə pisləyib, bir daha onun asan yolla gəlir əldə etməyə meylli şəxs kimi xarakterizə edərək, bu addımı atmasında kənar təsirlərin də olmasını istisna etməyib.

Araşdırma zamanı o da müəyyən edilib ki, C. Orucovun guya həyat yoldaşının erməni əsilli olması ilə bağlı Azərbaycanda ona hansısa təsirlər olduğu ilə bağlı iddialar həqiqətə uyğun deyil. Son illər xarici ölkələrdə yaşamaq hüquq əldə etmək üçün bəzi vətəndaşlarımızın "erməni əsillilik", "cinsi azlıq" və ya digər "faktorlardan" sui-istifadə etdiyi sirr deyil. Cavidin də məhz bu amildən yararlanmaq istədiyi daha real görünür.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

 

Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.


Sizin Reklam Yeriniz