Gecikdirilmiş əməkhaqlarının işçilərə ödənilməsi təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına
dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin
araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş
ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin
ödətdirilməsini təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumata görə, həmin vəsaitlərdən 589 853
manatını əməkhaqları, 28 952 manatını zərərə görə ödənclər, 16 112
manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib. Qeyd
olunan dövrdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək
müqaviləsinə xitam verilmiş 31 nəfərin öz əvvəlki işinə bərpa
etdirilməsi təmin olunub.