Əlaqə Arxiv
news Image
2012.06.07
18:46
| A A A
Avtobuslarda ödənişlərin plastik kartla ödənilməsi aktuallaşır
Natiq Ələkbərov: “Vahid kart sistemi olduqda yığılan gediş haqqının necə bölüşdürülməsi də bir qədər sual yaradacaq “ Akif Nəsirov: “Avtobuslarda ödənişin plastik kartlarla həyata keçirilməsi heç də sadə proses deyil”

"Eurovision" mahnı müsabiqəsi ərəfəsində marşrut avtobuslarında gediş haqqının plastik kartlarla ödənilməsi məsələsi gündəmə gəlmişdi. Onun tədbir dövründə reallaşıb-reallaşmadığını deyə bilmərik. Amma məsələ ondadır ki, sözügedən tədbir başa çatandan sonra bu məsələ bir qədər diqqətdən kənarda qalıb.

Müstəqil Nəqliyyatçılar İctimai Birliyin sədri Natiq Ələkbərovun fikrincə, ölkəmizdə baş tutan mahnı festivalı dövründə bəzi marşrutlarda gediş haqqının plastik kartlarla ödənilməsi praktikasının genişlənməməsi prosesin eksperiment xarakteri daşıdığına dəlalət edir: "Əslində, biz heç "Eurovision" mahnı müsabiqəsi dövründə ödənişi plastik kartlarla həyata keçirən avtobusların olduğunu müşahidə edə bilmədik. Hər halda avtobuslarda ödənişin plastik kartlarla həyata keçirilməsi şəhər nəqliyyatı üçün yenilik kimi qəbul oluna bilər. Amma festivaldan sonra sərnişin nəqliyyatında ödənişin plastik kartlarla aparılmasının unudulmasına gəldikdə, ola bilsin prosesə həmin dövrdə eksperiment kimi baxdıqlarından indi dayandırıblar. Ümumiyyətlə isə aidiyyatı qurumlarda gediş haqqının plastik kartlarla ödənilməsinə keçilməsi niyyəti vardır. Prosesin mexanizmilə tanış olmadığımızdan kartlarla ödənişin nə dərəcədə effektiv olduğu barədə fikir söyləmək də çətindir. Hazırda nəqliyyat vasitələri ayrı-ayrı şirkətlərə məxsusdur. Belədə vahid kart sistemi olduqda yığılan gediş haqqının necə bölüşdürülməsi də bir qədər sual yaradacaq".

Müstəqil ekspert Akif Nəsirov isə qeyd etdi ki, festival dövründə görüntü xarakteri daşıdığından marşrutlarda kartlarla ödəmə məsələsi gündəmə gəlmişdi: "Avtobuslarda ödənişin plastik kartlarla həyata keçirilməsi heç də sadə proses deyil. Bunun üçün plastik kartlar hazırlanmalı, turniket quraşdırılmalıdır. Həmin turniketin bir mərkəzdən idarə olunması məsələsi həll olunmalıdır. Hesab edirəm ki, artıq ölkədə bu işləri görməyə hazırlaşırlar. Amma prosesin quraşdırılması kənardan göründüyü qədər sadə proses deyil. Görünür, mahnı müsabiqəsi ərəfəsində xaricdən gələn qonaqlara görüntü olaraq göstərmək üçün bəzi avtobuslarda turniketlər quraşdırılıb. Bu da görüntü xarakterli məhdud işləyən sistem ola bilərdi. Onlar gedəndən sonra da yığışdırılıb. Bir iki avtobusda ayrılıqdı turniket quraşdırılması ola bilməz. Əslində bu sistem Azərbaycanda qurulmayıb. Amma plastik kartlarla ödəmənin bir neçə səmərəsi var. Bu halda vətəndaşlara güzəşt etmək mümkün olur. Yəni dünya praktikasına görə vətəndaş gün ərzində bir neçə dəfə kartla ödəniş edəndə növbəti dəfə qiymətin 80-90 faizini ödəyir. Digər tərəfdən plastik kartların işə düşməsilə marşrutların vergidən yayınması problemi də aradan qalxır. Çünki turniketlər vasitəsilə vətəndaşın ödədiyi vəsait vergidən yayına bilməz".

Sizin Reklam Yeriniz