Məlumat verildyi kimi, bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktlarının mövcud olduğunu deyib. Onun sözlərinə görə, bəzən elə bələdiyyələr olur ki, hətta qonşu sahələrə sərəncam verir: "Bələdiyyədən sərəncam, möhürlü kağız almaq hüquqi sənəd demək deyil. Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sonra o, sənəd sayılır". Komitə sədri onu da bildirib ki, indiyə qədər 34 rayon üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin xəritəsi hazırlanaraq Milli Məclisə təqdim edilib, 35 bələdiyyənin xəritələrinin hazırlanması işi isə başa çatdırılıb.
İqtisadi Tədqiqatlar
Mərkəzinin eksperti Rəcəb İmanov bələdiyyələrdə bu kimi halların
baş verməsini torpaqların paylanması ilə bağlı xəritələrin ya
ümumiyyətlə mövcud olmaması, ya da düzgün istifadə edilə bilməməsi
bağlı olduğunu düşünür: "Bələdiyyələrin torpaq bölgüsü aparılan
zaman ilk növbədə xəritələrin düzgün çəkilməməsi prosesi baş
vermişdi. Sonradan DTXK tərəfindən bu xəritələrin elektron
formaları hazırlandı. Elektron xəritələr çəkildikdən sonra problem
nisbətən aradan qaldırıldı. Amma yenə də yaşanır. Hal-hazırda
xəritələr çəkilib hazırdır. Hətta məlumata görə, ölkədə olan
bütün bələdiyyələr üçün elektronçəkmə artıq hazırdır. Problem həmin
xəritələrin bələdiyyələrin özlərində olmaması ilə bağlıdır.
Torpaqların bələdiyyələr tərəfindən bir neçə şəxsə satılması da
ondan irəli gəlir ki, bəzi bələdiyyələr vahid xəritədən düzgün
istifadə də bilmirlər. Nəinki, öz torpaqlarını düzgün satmır, bəzən
özünün olmayan, başqa bələdiyyələrin səlahiyyətində olan torpaqları
da satırlar.
Bu problemin aradan qaldırılması üçün yeganə çıxış yolu ilk öncə bütün bələdiyyələrə elektron xəritələrin təqdim olunmasıdır. Bununla bağlı rəsmi prosedur qaydaları imzalanmalıdır ki, onlar o xəritəni alırlar və qanunvericilikdə nəzərdə tutulduğu kimi istifadə edəcəklər. Əks halda problem uzun müddət davam edəcək".
Bələdiyyə üzrə ekpsert Vüqar Tofiqli isə,
problemin həlli üçün təkliflər irəli sürülməli olduğunu deyir:
"Qərib Məmmədovun dediyi sözlər faktlara söykənir. 2007-ci ilə kimi
bələdiyyə sədrləri arasında elə şəxslər var idi ki, bir torpaq
sahəsini bir neçə dəfə satır və bu kimi müəyyən cinayətə yol verir,
neqativ hallara göz yumurdular. Amma 2007-ci ildə dövlət başçısının
müvafiq fərmanı ilə "Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında" qanuna edilən dəyişikliklərdən sonra
torpağın satışının hərrac komisiyyasına həvalə edilməsindən sonra
belə hallara son qoyuldu. Amma mən hesab edirəm ki, bələdiyyələrə
tutulan iradlarla yanaşı, gərək onlara metodik təklif və
məsləhətlər də göndərilsin. Nəticədə əhali və xidmət eləyən
bələdiyyələr daha aşkar, qanunauyğun şəkildə fəaliyyət göstərə
bilsinlər".