Əlaqə Arxiv
news Image
2014.02.14
19:25
| A A A
İƏT Parlament İttifaqı Konfransının toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə müzakirəyə çıxarılacaq

Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək. Azərbaycan Milli Məclisindən Movqe.az-a verilən məlumata görə, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İran İslam Respublikasına səfər edəcəklər.

Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib.

Tədbir çərçivəsində qurumun İcraiyyə Komitəsinin, Siyasi və xarici məsələlər, İqtisadi məsələlər, Qadın, ailə məsələləri və insan haqları, Sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələri iclasları, habelə müsəlman qadın parlamentarların konfransı keçiriləcək.

Yığıncaqlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, Fələstində, Kiprdə, Kəşmirdə vəziyyət, üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, islam dünyasında uşaq və gənclərin müdafiəsi, qeyri- müsəlman dövlətlərində islam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Azərbaycanlı deputatlar tədbirlərdə müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar. Səfər fevralın 20-də başa çatacaq.

Sizin Reklam Yeriniz