Azərbaycanda telekanalın yayımı dayandırıldı
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti
iclası keçirilib. Şuradan Movqe.az-adaxil olan
məlumata görə, iclasda "AYGÜN" Müstəqil Televiziya və Radio
Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün
xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə
baxılıb. İclasda "AYGÜN" Müstəqil Televiziya və Radio
Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün
xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional
(Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya)
verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının
14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması
barədə qərar qəbul edilib. MTRŞ daha sonra telekanalın bağlanma
səbəbini də açıqlayıb: "AYGÜN" Müstəqil Televiziya və Radio
Kompaniyasının 11 dekabr 2013-cü il tarixdə regional
(Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya)
müddəti bitib. "AYGÜN" Müstəqil Televiziya və Radio Kompaniyası
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası
Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri
Şuraya təqdim etməyib, Şura iclasına 1 gün qalmış xüsusi razılıq
(lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri
natamam şəkildə təqdim edib. 11 dekabr 2013-cü il tarixdə Şura
tərəfindən "AYGÜN" Müstəqil Televiziya və Radio Kompaniyasının
xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə
baxılıb. Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün
müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və
tam təqdim olunmamasına görə Şuranın qərarına əsasən
televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə "AYGÜN"
Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq
(lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması
təxirə salınıb. Aygün televiziyasının fəaliyyətinin araşdırılması
məqsədilə Şura tərəfindən Şura Aparatının Hüquq və beynəlxalq
əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, və
Maliyyə və texniki nəzarət şöbəsi əməkdaşlarından ibarət tərkibdə
yaradılmış komissiya 24-26 dekabr 2013-cü il tarixində
Zaqatalada olmuş və televiziyanın fəaliyyəti ilə yerində tanış
olmuş və araşdırma aparıblar. Aparılmış araşdırmalar zamanı
televizyanın fəaliyyətində çoxsaylı çatışmazlıqlar və qanun
pozuntuları aşkar edilib. Belə ki, Televiziya və radio yayımı
haqqında qanunun müvafiq maddəsinin tələblərinə əsasən teleradio
proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər,
əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra
azı bir ay, efirə çıxmış proqramların (verilişlərin) tarixi, vaxtı,
mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli
olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il
müddətində saxlanılmalı olduğu halda, "AYGÜN" televiziyasında
teleradio proqramlarının materialları saxlanılmamış, qeydiyyat
jurnalı isə ümumiyyətlə mövcud olmamışdır. Yayımçı efirdə emblemsiz
olaraq yayımlanıb. Televiziyanın sənədləşdirmə işlərinin
aparılmasında çoxsaylı qüsurlar mövcud olmuşdur. Televiziyanın
yayım avadanlıqları teleradio yayımçıları üçün tətbiq olunan
texniki istismar qaydalarına və Azərbaycan Respublikasının və
beynəlxalq texniki standartlara uyğun gəlməmişdir. Belə ki, ötürücü
qurğunun yerləşdiyi yer texniki norma və tələblərə cavab verməmiş
və texniki personal və ətrafda yaşayan sakinlərin həyat və
sağlamlığı üçün ciddi təhlükə yaradıb.27 dekabr 2013-cü il tarixdə
Milli Televiziya və Radio Şurasının növbəti iclasında "AYGÜN"
Müstəqil Televiziya və Radio Kompaniyasının fəaliyyətinin
araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə
alınıb.