Obama qalmaqallı qanun layihəsini imzaladı
ABŞ-ın dövlət borcu tavanı gələn ilin martınadək qaldırılmış olacaq
ABŞ prezidenti Barak Obama 2015-ci ilin martınadək ölkənin dövlət
borcu tavanının qaldırılmasına dair qanun layihəsini imzalayıb.
Movqe.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, federal
hökumət gələn ilin martına kimi borc götürə bilər, bu isə ölkə
rəhbərliyini bu ayın sonunda borc öhdəliklərinin yerinə
yetirilməməsindən azad edəcək. Bu yaxınlarda sözügedən qanun
layihəsinin lehinə Konqresin Nümayəndələr Palatasının 221 üzvü və
Senatın 55 üzvü səs vermişdi. ABŞ-ın dövlət borcu tavanının
qaldırılması haqqında qanuna düzəlişin qəbul edilməsi ötən ilin
oktyabrında ABŞ-da baş vermə təhlükəsi olan büdcə böhranından
qaçmaq imkanı yaradıb. Həmin vaxt respublikaçıların ABŞ-ın dövlət
borcu tavanının qaldırılmasına qarşı çıxması nəticəsində hökumət
müəssisələrinin bir hissəsi 16 gün bağlı qalmışdı.