Sevgilisinin başını qırxana hökm oxundu (VİDEO)
Naxçıvanda yaşayan Cahangir Dövlətov sevdiyi K.M.-nin mobil
telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib.
Bundan əsəbiləşən Cahangir Bakıya gəlib. Teleqraf.com-un xəbərinə
görə, o, xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan
Zəngiyevin maşını ilə sevdiyi qızı Novxanıya dəniz kənarına
gətirib. Burda K.M.-nı döyüb, ona işgəncələr verib. Bununla da
hirsi soyumayan Cahangir qızın başını qırxıb. Cahangir Dövlətov
bütün bu hərəkətlərini videoya da çəkib. O, həmin videonu daha
sonra sosial şəbəkələrdə paylaşıb. Hadisədən sonra M. K.
Binəqədi rayon Polis İdarəsinə müraciət edib. Onun müraciəti
nəticəsində Cahangir Dövlətov həbs edilib və barəsində Cinayət
Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri
ilə iş başlanıb. İstintaqın gedişi zamanı Cahangir Dövlətovun
barəsində olan həbs-qətiimkan tədbiri başqa yerə getməmək barədə
qətiimkan tədbiri ilə əvəz edilib. Həbsdən azad olan Cahangir
polisin nəzarəti altına verilsə də, polisdən gizlənib və
istintaqdan yayınıb. Bundan sonra Cahangir barəsində axtarış elan
edilib. Keçirilən axtarışlar nəticəsində onun yeri
müəyyənləşdirilərək həbs edilib. O, saxlanılan zaman polisə
müqavimət göstərib. Buna görə də barəsində Cinayət Məcəlləsinin
315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar
hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə
müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və
sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor
tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə əlavə ittiham verilib.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Cahangir Dövlətov 3 il 11 ay
28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Cahangir
Dövlətov apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya
Məhkəməsində baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə Cahangir Dövlətovun apelyasiya şikayəti qismən
təmin edilib. Məhkəmə onun barəsində təyin edilmiş 3 il 11 ay 28
gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 2 ilə endirib. Onu da
qeyd edək ki, istintaq dövründə Xalid Əkbərov və Ayxan Zəngiyevin
əməlində cinayət tərkibi müəyyən edilməyib. Buna görə də hər iki
şəxs barəsində olan cinayət işinə xitam verilib.