Dövlət Baytarlıq Xidmətinin vəzifəli şəxsinə cinayət işi açılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin
Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli
şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından
daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat
xidmətindən Movqe.az-a verilən məlumata görə, aparılmış
araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə
baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əməkhaqqı
kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat
məbləğində hesablanmış əmək haqlarını həmin kartlar vasitəsilə
alaraq onlara külli miqdarda ziyan vurmalarında və digər qanun
pozuntularına yol vermələrində, həmçinin Dövlət Baytarlıq
Xidmətinin rəis müavini Cavid Hadıyevin xidmət tərəfindən müxtəlif
işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin
istifadəsi ilə əlaqədar dövlətə 68.0 min manat məbləğində ziyan
vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət
Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)
maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam
etdirilir.