Əlaqə Arxiv
news Image
2014.02.20
19:22
| A A A
Təhsil Nazirliyindən aksiya açıqlaması

Təhsil Nazirliyi bu gün Bakı Dövlət Universitetində keçirilən tələbələrin etirazına münasibət bildirib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, tələbələrin aksiyasına səbəb olan yaranmış vəziyyət heç də Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda əks olunan məsələlərlə bağlı deyil: "Əsas məsələ həmin qaydaların düzgün tətbiq olunmaması ilə bağlıdır. Bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri sabah Bakı Dövlət Universitetinin akt zalında bu qaydaların bir daha düzgün anlaşılması ilə bağlı tələbələrlə görüş keçirəcəklər. Bu görüşdə Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilərlər".

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçiriblər. BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edib. Universitetin rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxıb və bildirib ki, sabah saat 12:00-da universitetdə onlarla görüşəcək. Görüşdə tələbələrin fikirləri dinləniləcək. İştirak etmək və əlavə məlumat almaq istəyən bütün jurnalistlər də həmin görüşdə iştirak edə bilərlər.

Sizin Reklam Yeriniz